1624
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyevin müsahibəsi.
- Bir neçə il Birinci Divizionda çalışmısınız, "Neftçala" ilə çempionluq yaşamısınız. Bu çempionatda danışılmış oyunlara görə böyük səs-küyə səbəb olan son qərarlar sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Buna inanmadım. Axı bu, necə ola bilər? Futbolçu rəhbərliyin, məşqçilərin xəbəri olmadan necə oyun sata bilər? Doğrudan da elədirsə, onda həmin klubların rəhbərliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Baş verənlər məni çox təəcccübləndirir. Amma bu, tək bizim problem deyil. Bununla bütün dünya mübarizə aparır.
- "Neftçala" dağılmasaydı, yəqin ki, siyahıda bu klubun futbolçularından da kimlərsə olardı...
- Mən orada varamsa, heç bir futbolçu belə addım ata bilməzdi. Özüm də futbol oynamışam və futbolçuları çox yaxşı bilirəm. Futbolçunun necə olduğunu bir baxışdan bilərəm. Mənim yetirmələrim belə etməzdilər.
- Ən maraqlı məqam AFFA-nın bu məsələni UEFA-nın tapşırığından sonra araşdırmağa başlamasıdır. Belə çıxır ki, AFFA ölkə futbolunda baş verənlərdən xəbərsizdir?
- UEFA totalizatorlarla, kontorlarla əməkdaşlıq edir. Yəqin ki, onlara şübhələrin olmasına dair məlumatı məhz totalizator kontorları ötürüb. Görünür, AFFA onlarla çalışmır, əməkdaşlıq etmir. Ola bilsin ki, belə bir şeyin baş verəcəyinə inanmırmışlar.
- Hətta hakim də bu işdə adı hallananlar arasındadır...
- Anar Niyazov vaxtilə cəzalanıb Birinci Diviziona göndərilmişdi. Mənim komandamın oyunlarında ondan artıq-əskik hərəkət görməmişəm.
- Oyun alqı-satqısında ancaq futbolçuların adının çəkilməsi onların öz aralarında razılığa gəlməsindən xəbər verir? Sizcə, bu siyahı genişlənə bilərmi?
- Hətta öz aralarında da razılığa gəlsələr, bunu kənardan baxan kimi hiss etmək olardı. Amma hətta məşqçilər də bunu görmürsə, deməli o, bədbəxt adamdır. Siyahının böyüməsinə şübhə etmirəm. Hər şeyi zaman göstərəcək. Həmin məşqçilərə də məsləhətim odur ki, indidən işlərini atsınlar.
- Birinci Divizionda oyun alqı-satqısından çoxmu pul qazanırlar?
- Yalan danışa bilmərəm. Heç vaxt oyun alıb-satmamışam. Mənim çalışdığım klub belə söhbətlərdən uzaq olub. İki dəfə çempion olduq, Premyer Liqaya da çıxmağa layiq idik. Təəssüf ki, indi elə bir klub yoxdur.
Azərisport.