bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Ramil Şeydayev start heyətində çıxış edəcək

30.11.2016 15:06 Oxundu 1994

"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal ölkə kubokunun qrup mərhələsində "Gümüşhanespor"la matçda millimizin hücumçusu Ramil Şeydayevi meydana buraxacaq. Bu barədə məlumatı Türkiyə mətbuatı yazıb. Bu mövsüm işləri yolunda getməyən "bordo-mavililər" artıq çempionatdan əllərini üzüb, bütün diqqətlərini ölkə kubokuna yönəldiblər. Heyətdə tez-tez dəyişikliklər etməklə diqqət çəkən Yanal isə "Gümüşhanespor"la sabahkı qarşılaşmada əsas heyətə düşə bilməyən bir neçə gənc oyunçuya şans verəcək. Xüsusən də, hücum xəttindən narazı qalan çalışdırıcı bu dəfə Şeydayevi bu mövqedə sınamaq qərarına gəlib. Bu üzdən Ramillə fərdi görüş keçirən Yanal ona "hazır ol" tapşırığını verib. Türkiyəli həmkarlarımızın iddiasına görə, sabah start heyətində meydana çıxacaq Şeydayevin bu qarşılaşmadakı oyunu onun komandadakı yolunu aça bilər. Belə ki, futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, artıq Superliqa matçlarında da meydana çıxa biləcək. Bununla yayda "Zenit"dən keçən Ramil Şeydayev cari mövsümdə "Trabzonspor"un start heyətində ikinci oyununa çıxacaq. O, ölkə kubokunun III turunda "Çorum Bələdiyyəspor"la keçirilən qarşılaşmanın ilk dəqiqələrindən mübarizə aparmış, fasilədə əvəzlənmişdi. Qeyd edək ki, Türkiyə Kubokunda qrup mərhələsinin I turu çərçivəsində sabah keçiriləcək "Trabzonspor" - "Gümüşhanespor" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.