bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" 6400 manat cərimələndi

30.11.2016 15:46 Oxundu 2022

İntizam Komitəsinin bu gün keçirilən iclasında AFFA bayrağı altında keçirilən yarışlarda yol verilmiş qayda pozuntuları barədə qərarlar qəbul olunub. Həmin qərarlar təqdim edirik.

Topaz Premyer Liqasının XIII turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIII turunun “Zirə” – “İnter” matçında “İnter” klubunun 4, “Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 66-cı dəqiqəsində “İnter” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIII turunun “Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunur(maddə 60).

Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

  • “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
  • Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62).
  • Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
  • Matçın videoyazısı izləndikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).
  • “Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
  • Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
  • Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.

Əvəzedici heyətlərin XIII turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Oyunun 61-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Elşad Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XIII turunun “Ağsu” – “Şəmkir” matçının 80-ci dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).

I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).