2824
Təsadüfi deyil ki, İngitərə bütün dövlər ərzində özünün güclü futbolçuları ilə belə demək mümkünsə dünyaya meydan oxuyub. Bu baxımdan bütün dövrlər üçün İngiltərənin 11 ən yaxşı futbolçusunu müəyyən etmək heç də asan deyil. Bununla belə biz simvolik şəkildə olsa da İngiltərənin 11 ən yaxşı futbolçusunun adını “Çempion”un oxucularına təqdim edirik.
Qordon Benks
Qordon Benks qapıçı mövqeyində çıxış edib. O İngiltərə yığmasının heyətində 73 oyunda meydana çıxıb. Benks Futbol Tarixi və Statistikası üzrə Beynelxalq Federasiyasının versiyası üzrə Lev Yaşindən sonra XX əsrin ikinci ən böyük qapıçısı elan edilib. Benks 1966-cı ildə keçirilən dünya çempionatında Braziliya ilə oyunda Pelenin vurduğu və qol olacağı şübhə doğurmayan topu möcüzəli sıçrayışla qapı xəttindən çıxarması ilə yadda qalıb.
Corc Koen
Corc Koen müdafiə xəttində oynayıb. 1966-cı ildə keçirilən dünya çempionatında özünü dünyanın ən yaxşı müdafiəçisi kimi göstərə bilib. O, İngiltərə yığmasının heyətində səhvsiz çıxış edən ən məşhur müdafiəçi kimi tanınıb. Koen bir dəfə də olsun məşqçilərini pis vəziyytədə qoymayıb. Ona görə də həm yığma, həm də klub komandasının məşqçiləri Koen haqqında: “Koen üçün istənilən tapşırıq yerinə yetiriləndir. O, müdafiədəsə deməli qapıçı özünü rahat hiss edəcək. Koeni keçmək hər hücumçunun işi deyil. Hətta Pele belə onunla qarşılşanda topu komanda yoldaşına ötürməyə məcbur olurdu. Çünki bilirdi ki, Koeni keçə bilməyəcək”,-demişdilər.
Yığmanın heyətində 37 oyunda meydana çıxan Koen Argentina ilə növbəti oyundan sonra onları kobud oyununa görə heyvan adlandırmış və bununla da bir müddət adı qəzet səhifələrindən düşməmişdi. Bir dəfə Koendən soruşmuşdular ki, səhvsiz oynamasının səbəbi nədir. O isə cavab vermişdi ki, hər dəfə meydana çıxanda özündə rəqib komandaya qarşı xoşagəlməz hiss oyatmağı bacarır. Ona görə də oyun boyu yalnız rəqibindən intiqam almaq barədə düşünür. İntiqam hissi isə onda məsuliyyəti daha da artırır və meydanda ona əlavə enerji verir”,-demişdi.
Bobbi Mur
Bobbi Mur mərkəz müdafiəçisi rolunda çıxış edib. O həm də yığma komandanın kapitanı idi. İngiltərə yığma komandasında 108 oyunda meydana çıxmış və rəqib qapılarından 2 top keçirmişdi. Məşhur Alf Remsi Bobbi Mur haqqında: “Mənim kapitanım, mənim liderim, mənim sağ əlimdir. O komandamızın ürəyi, ruhudur. Bobbi sakit, təmkinli, mülayim futbolçudur və o meydanda olanda mən qələbə çalacağımıza əmin olurdum. Bu günə kimi rast gəldiyim məşhur futbolçular arasında ondan yaxşısını görmədim. İngiltərə yığması Bobbi Mursuz heç vaxt dünya çempionatında qalib gələ bilməzdi. Bobbi Mur ən ağır vəziyyətlərdə belə soyuqqanlılığını qoruyub saxlaya bilirdi. Meksikada keçirilən dünya çempionatında Braziliya ilə oyundan sonra Pele: “Mur dünyanın ən güclü mərfkəz müdafiəçisi, həm də olduqca vicdanlı bir insandır”,-demişdi.
Murun ən peşəkar xüsusiyyətlərindən biri də onun oyunun hansı məcrada davam edə biləcəyini ilk dəqiqələrdən müəyyən etməsi idi. Bununla bağlı onun haqqında futbol mütəxəssisi Cok Steyn demişdi ki, Mur öncədən bilirdi ki, 20-25 dəqiqədən sonra meydanda nə baş verəcək. Bobbi mur bu xüsusiyyətlərinə görə İngiltərə futbolunda indinin özündə belə hörmətlə xatırlanır.
Terri Butçer
Terri Butçer mərkəz müdafiəçisi rolunda meydanda top qovub. Ölkə yığmasının heyətində 77 oyunda 3 top vurub. 1989-cu ildə dünya çempionatına vəsiqə uğrunda qrup mərhələsi çərçivəsində İsveçlə İngiltərə arasında keçirilən oyunda Butçer alnından zədə almışdı. Buna baxmayaraq alnını sarıdaraq meydana qayıdan Butçer qanı axa-axa sona kimi oyunu davam etdirmişdi. Bu gün belə bir vəziyyətdə sona kimi oynaya biləcək oyunçunu tapmaq çox çətin məsələdir. Argentina yığması ilə oyunda Maradonanın qapıya əllə qol vurmassı epizodunu heç cür unuda bilməyən Butçer: “Maradona Allah qarşısında günah işlədi. Əllə vurduğu qolla komandasının qələbəsini təmin etdi. Halbuki əllə qapımıza qol vurduğunu etiraf etsəydi, o ömrünün sonuna kimi dünya futbolunun ədalətli oyunçusu kimi tarixdə qalacaqdı. Amma indi o azarkeşlərin də futbol mütəxəssislərinin də gözündən düşdü. Hələ bilmirəm o bu ədalətsiz hərəkətinə görə haqq-hesab dünyasında Allah qarşısında necə cavab verəcək”,-demişdi.
Stuart Pirs
Stuart Pirs müdafiəçi mövqeyində oynayıb. İngiltərə yığmasının ən yaxşı müdafiəçilərindən biri hesab edilir. Yığmanın heyətində 78 oyunda meydana çıxıb və rəqib qapılarından 5 top keçirib. Pirs yaxşı müdafiəçi olduğu qədər də bəxti gətirməyən oyunçu kimi də tanınıb. 1990-cı ildə keçirilən dünya çempionatında Almaniya ilə oyunda Pirs 11 metrlik zərbələr seriyasında topu qapıdan keçirə bilməyərək komandasının məğlub olmasına səbəb olmuşdu. Ona görə də Pirs üstündən illər ötəndən sonra da ona ağır gələn və unudulması mümkün olmayan günləri yaddan çıxara bilmir. O deyir ki, əgər o vaxt 11 metrliyi vura bilsəydi, onda komandası dünya çempionu olacaqdı. Bəzən adi vəziyyətlərdə Pirsin bəxti gətirmirdi və o sonra bundan stressə düşərək uzun müddət baş verəni yaddan çıxara bilmirdi. Ona görə də karyerasını başa vuranda Pirs haqqında “Qardian” qəzeti belə yazmışdı: “Pirsin 20 illik əzabları başa çatdı”.
Stenli Metyuz
Stenli Metyuz yarımmüdafiə xəttində gözəl oyun nümayiş etdirib. Yığmada 54 oyunda meydana çıxıb və 11 dəfə fərqlənib. Metyuz 1950 və 1954-cü illərdə keçirilən futbol üzrə dünya çempionatlarında iştirak edib. İngiltərə, Şotlandiya Uels və Şimali İrlandiyanın iştirakı ilə keçirilən Böyük Britaniya çempionatlarında isə Metyuz 9 dəfə çempionu titulunu qazanıb. 1958-cı ildə keçirilən dünya çempionatında Braziliya ilə oyunda İngiltərə rəqiblərinə 4:2 hesabı ilə qalib gəlmişdi. O vaxt rəqib qapılarına vururlan 4 topun hamısında Metyuzun rolu olmuşdu. Bundan əlavə o, rəqib komandanın oyunçusu Santosa göz açıb qıpmağa imkan verməmişdi. Buna görə də həmin ildə Metyuz “Qızıl top” mükafatı almışdı. Metyuz özündən sonra İngiltərə və dünya futbolunda şərəfli bir iz buraxan oyunçulardan hesab edilir.
Bobbi Çarlton
Bobbi Çarlton dünya futbolunun ən məşhur yarımmüdafiəçilərindən biri hesab edilir. Yığma komandanın heyətində 106 oyun keçirib və rəqib qapılarına 49 top vurub. 1966-cı ildə keçirilən dünya çempionatında əsas oyunçulardan biri kimi şöhrət qazanıb. O həmin ildə də gözəl oyununa görə “Qızıl top” mükafatına layiq görülüb. Bobbi Çarltonun adı həmişə məşhur futbolçular Pele və Qarrinça ilə bərabər çəkilib. Onun haqqında anadan futbolçu olmaq üçün doğulub deyirlər. 15 yaşından qeyri-adi istedadı ilə gələcəyin məşhur futbolçusu olacağını göstərə bilmişdi. Onun adı dünyanın əfsanəvi futbolçuları sırasında çəkilir.
Pol Qaskoyn
Pol Qaskoyn yarımmüdafiə mövqeyində çıxış edib. Azarkeşlər tərəfindən “Qazza” ləqəbi ilə tanınıb. Ölkə yığmasının heyətində 57 oyunda rəqib qapılarından 10 top keçirib. 1990-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığması yarımfinala kimi gedib çıxa bilmişdi. Lakin yarımfinalda Almaniya ilə oyunda İngiltərə 11 metrlik zərbələr seriyasında rəqibinə məğlub olmuşdu. Həmin oyunda hakim Qaskoyna sarı kart göstərmş və o buna görə uşaq kimi meydanda ağlamışdı. Çünki əgər İngiltərə Almaniyanı udub finala çıxsaydı, onda Qaskoyn iki dəfə sarı kart aldığı üçün meydana çıxa bilməyəcəkdi. 1996-cı ildə keçirilən Avropa çempionatında Qaskoyn Şotlandiya komandasının qapısına olduqca gözəl bir qol vurmuşdu.
Con Barns
Con Barns yarımmüdafiə xəttində oynayıb. O 1984-cü ildə “Marakana”da Braziliya ilə oyunda 5 braziliyalını aldadaraq rəqib qapısına qol vurmuşdu. Bobbi Robson onun haqqında : “Barns dünya futbolunun tapmaca oyunçusudur. Onun nə edəcəyini heç kim öncədən müəyyən edə bilmir. O qəfildən meydanın hansısa hissəsində peyda olur, sürətli hücumu ilə rəqib oyunçularını çaşbaş salaraq qapıya yol tapa bilir”,-demişdi. Məşhur futbolçu İngiltərə yığmasının heyətində 79 oyunda 11 dəfə fərqlənib.
Harri Lineker
Harri Lineker hücum xəttində çıxış edib. Yığmanın heyətində 80 oyunda 48 top vurub. Lineker Polşa yığmasının qapısına 3 top vurması ilə daha çox yadda qalıb.
Ceff Herst
Ceff Herst İngiltərə yığmasının əsas hücumçularından biri hesab edilib. Ölkə yığmasının heyətində 49 oyunda 24 top vurub. Adı dünyanın əfsanəfi futbolçuları arasındadır.
Əziz Mustafa