bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

Qran-prinin final mərhələsinə 47 ölkə qatılacaq

06.12.2016 13:49 Oxundu 1964

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 09-10 dekabr 2016-cı il tarixlərində taekvondo üzrə "Qran-Pri" yarışının final seriyasında iştirak edəcək azərbaycanlı idmançıların adları məlumdur. Kişilərin yarışında milli komandamızın üzvlərindən aşağı çəki dərəcələri üzrə Roman Samodurov (-58 kq), Ayxan Tağızadə (-68 kq), yuxarı çəki dərəcələri üzrə Rio Yay Olimpiya Oyunlarının qalibi Radik İsaev (+80 kq) və olimpiadanın bürünc mükafatçısı Milad Beigi Harçeqani (-80 kq), qadınların mübarizəsində isə Patimat Abakarova (-49 kq), Yaprak Eriş (-57 kq) və Fəridə Əzizova (-67 kq) Azərbaycanı təmsil edəcək.

Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvondo Federasiyasının (DTF) olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq. "Qran-Pri" turnirinin çəki dərəcələri olimpiya çəkilərinə uyğundur (kişilər üzrə -58 kq, -68 kq, - 80 kq və +80 kq; qadınlar üzrə -49 kq, -57 kq, -67 kq və +67 kq ).

İki gün davam edəcək yarışda 47 ölkədən 128 taekvondoçu öz qüvvəsini sınayacaq. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Onlar arasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcək. "G8" kateqoriyalı bu turnirdə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, I, II və III yerin sahiblərinə müvafiq olaraq, 6000 $, 3000 $ və 1000 $ məbləğində pul mükafatı nəzərdə tutulub.

Qeyd edək ki, yarış saat 10:00-da başlayacaq və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.