bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

Komandalararası Dünya Çempionatında iştirak edəcək millinin heyəti açıqlandı

06.12.2016 15:35 Oxundu 2016

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 12-13 dekabr 2016-cı il tarixlərində taekvondo üzrə Komandalararası Dünya Çempionatı keçiriləcək. Kişilərin mübarizəsində son yarışın qalibi Azərbaycan milli komandası, bu dəfə ev sahibi kimi Dünya Çempionu titulunu qorumaq üçün Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevin (+87 kq) gücündən faydalanmağa çalışacaq.

Qadınlardan ibarət komandanın heyətində Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Oogink (-73 kq) təmsil edəcək.

Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kq-dır.

Yarışın qaydalarına görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər. Həm kişilərin, həm də qadınların yarışında ayrı-ayrılıqda 8 komanda hərəsi 4 olmaqla iki qrupda mübarizə aparacaq.

Azərbaycanı bu Dünya Çempionatında beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcək.

Dünya Çempionatı “G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcək.

Qeyd edək ki, yarış saat 10:00-da başlayacaq və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

- See more at: http://taekwondo.az/index.php?page=sp&id=553#sthash.dYmDO7l0.dpuf