bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Elxan Məmmədov: "Hesab edirəm ki, Qurban Qurbanov..."

08.12.2016 13:34 Oxundu 1989

"Sevindirici haldı ki, nəticələrimiz müsbət, sabitdi. Əvvəlki illərə baxanda iki klubumuz Avropa Liqasının qrup mərhələsində çıxış edir. Çempionatda iştirakçıların sayı azalsa da, keyfiyyət, sabitlik yaranıb. Milli komanda da müsbət nəticələr qazanıb, çimərlik millimiz B divizionundan A divizionuna keçib, futzal yığmamız dünya çempionatının final mərhələsində uğurla çıxış edib. Bu gün ən böyük arzumuz "Qarabağ"ın növbəti mərhələyə vəsiqə qazanmasıdı. Çətin olacaq, amma bu, bizim arzumuzdur". Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını cavablandırarkən deyib. "Belə anladıq ki, "Qarabağ" mərhələ adlasa, seçiminizi Qurban Qurbanovun, əks təqdirdə Robert Proseneçkinin xeyrinə edəcəksiniz?" sualına isə belə cavab verib: "Prosineçki hələ yol gedir, bitirməyib. Qurban müəllim isə qrup mərhələsindəki çıxışı ilə böyük uğur qazanıb. Hesab edirəm ki, Qurban Qurbanov ilin ən yaxşı məşqçisi titulunu qazanmağa layiqdir".

Danışılmış oyunlarla bağlı yaradılan komissiyanın yekun qərarı ilə əlaqədar Elxan Məmmədov belə aydınlıq gətirib: "Komissiya İntizam Komitəsi ilə birgə fəaliyyət göstərir. Dünən komissiyanın iclası oldu. Araşdırma davam etdirilir. Onlar müntəzəm olaraq İntizam Komitəsinə məlumat verirlər. Yekunda isə hesabat İcraiyyə Komitəsinə təqdim ediləcək". Onun sözlərinə görə, hesabat İcraiyyə Komitəsinə mart ayında qədər təqdim ediləcək. "Bu dəfə təkcə futbolçuların deyil, klubların da cəzalandırılacağı gözlənilir?" sualına cavabında isə o: "Bu məxfidi, açıqlama verə bilmərəm. Komissiyanın üzvləri peşəkarlardı, futbol sahəsində çalışan insanlardır. Keçmiş futbolçular, hazırda məşqçi kimi çalışanlar işləyir, onların ədalətli qərar verəcəklərinə inanırıq. Bu, bir virusdu, təmizləmək lazımdır. İnkişaf etmiş futbol ölkələrində də belə hallarla üzləşilib, cəzalar tətbiq edilib, tanınmış klublar aşağı dəstəyə göndərilib. Yəni bunun qarşısı alınmalıdır. Biz də inkişaf etmiş futbol ölkələrinin təcrübəsindən istifadə edib, virusu məhv etməliyik. Bu , AFFA rəhbərliyinin istəyi, qərarıdır".