1507
Bu gün bütün dünyanın gözü İsveçrənin Nyon şəhərinə yönəlib. 2016-cı ilin ən böyük yarışlarından biri sayılan Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Püşkatmada qrup birinciləri kimi İngiltərənin "Arsenal" və "Lester", İspaniyanın "Barselona" və "Atletiko", İtaliyanın "Napoli" və "Yuventus", Fransanın "Monako" və Almaniyanın "Borussiya" komandaları iştirak edəcək. Qrup mərhələsini ikinci pillədə başa vuranlar isə İspaniyanın "Real Madrid" və "Sevilya", Almaniyanın "Bavariya" və "Bayer", İngiltərənin "Mançester Siti", Fransanın PSJ, Portuqaliyanın "Benfika" və "Portu" klublarıdır.
Püşkatmada komandalar iki səbətdə yer alacaq. Qrup birinciləri 1/8 finalda ikinci pillənin sahibləri ilə görüşəcək. Mərhələnin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevralında, cavab oyunları isə 7-8 və 14-15 martda keçiriləcək.
Bolqarıstanın "Ludoqorets", Türkiyənin "Beşiktaş", Almaniyanın "Borussiya" (Münhenqladbax), Rusiyanın "Rostov", İngiltərinin "Tottenhem", Polşanın "Legiya", Danimarkanın "Kopenhagen" və Fransanın "Lion" klubları isə yoluna Avropa Liqasının 1/16 final mərhələsində davam edəcək.
Qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalının püşkatması gələn il martın 17-də keçiriləcək. Oyunlar 11-12 və 18-19 apreldə keçiriləcək. Yarımfinal mərhələsinin püşkatması aprelin 21-də olacaq. Finala gedən yolda komandalar 2-3 və 9-10 mayda üz-üzə gələcək. Final görüşü isə iyunun 3-də olacaq.
Bu gün həm də futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkatması keçiriləcək. Avropanın ikinci mötəbər klub yarışının qrup mərhələsində ilk iki yerin sahibi olan 24 komanda, həmçinin Çempionlar Liqasından Avroliqaya qrup üçüncüsü kimi adlayan 8 klub püşkatma zamanı 2 səbətdə yer alıb. Məlumat üçün bildirək ki,qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlər kimi bölünüblər. Digər 8 klub arasında isə reytinqinə görə bölgü aparılıb.
Türkiyə klublarının hər üçü səpələnmişlər sırasında yer alıb. "Beşiktaş" reytinqinə görə güclülər səbətinə düşsə də, "Fənərbağça" və "Osmanlıspor" tutduğu yerə əsasən bu sıraya daxil edilib. "Sarı bülbüllər" Avropa Liqasında "A" qrupunun birincisi, paytaxt təmsilçisi "L" qrupunun qalibi, "qara qartallar" isə Çempionlar Liqasında qrup üçüncüsü kimi bu mərhələyə yüksəliblər.
Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri aşağıdakı kimidir:
Səpələnmişlər: "Kopenhagen" (Danimarka), "Lion" (Fransa), "Tottenhem" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Ayaks" (Hollandiya),"Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya), "Osmanlıspor" (Türkiyə), "Roma" (İtaliya), "Sent-Etyen" (Fransa), "Sparta" (Çexiya), "Şaxtyor" (Ukrayna), "Şalke" (Almaniya), "Zenit" (Rusiya), APOEL (Kipr), "Genk" (Belçika).
Səpələnməmişlər: "Rostov" (Rusiya), "Legiya" (Polşa), "Borussiya Münxenqladbax" (Almaniya), "Ludoqorets" (Bolqarıstan), "AZ Alkmaar" (Hollandiya), "Anderlext" (Belçika), "Astra" (Rumıniya), "Gent" (Belçika), "Hapoel Beyer-Şeva" (İsrail), "Krasnodar" (Rusiya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Selta" (İspaniya), "Vilyarreal" (İspaniya), PAOK (Yunanıstan), "Atletik" (İspaniya).
Turnirin 1/16 final mərhələsinin oyunları gələn il fevralın 16-da və 23-də təşkil olunacaq.