2247
FİFA hakimlərinin 2016/17 mövsümünün ikinci hissəsi üçün UEFA kateqoriyalarının qrupları açıqlanıb. Elit, 1-ci və 2-ci kateqoriyalı hakimlər potensialı üzrə də bölünüb. Azərbaycan referiləri arasında ən yüksək yerdə qərarlaşan Əliyar Ağayevin 2-ci kateqoriyadakı mövqeyi bəlli olub. O, burada ən yüksək potensiala malik 16 hakimdən biridi. Bu, ona gələcəkdə irəliləmək imkanı vəd etsə də, İngiltərə, Almaniya, Türkiyə kimi ölkələrin təmsilçiləri də eyni iddiadadı. Həmin kateqoriyadan olan digər 45 hakim orta və aşağı qruplardadı.
Eyni zamanda, qadın və futzal hakimlərinin kateqoriyaları da bəllidi. Azərbaycanın hər iki xanım referisi Səbayel Qurbanova və Yuliya Qurbanova sonuncu – 3-cü kateqoriyada qalıb. 4 futzal hakimimizdən üçü – Ramil Namazov, Yusif Nurullayav və yeni FİFA hakimi adı alan Hikmət Qafarlı da sonuncular sırasındadı. Elçin Səmədli isə 1-ci kateqoriyaya daxildi.
Qeyd edək ki, UEFA ildə iki dəfə FİFA hakimlərini kateqoriyalar üzrə bölür. Növbəti bölgü 2017-ci ilin yayında aparılacaq.