1718
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2016-cı ildə yığma komandalara ən çox futbolçu göndərən dünya klublarının siyahısını açıqlayıb. Qurumun saytının məlumatına görə, 100 komandanın yer aldığı siyahıda Azərbaycan çempionu “Qarabağ” da var. Ağdam təmsilçisi il ərzində yığmalara 12 futbolçu göndərməklə, siyahıda 47-ci yerə layiq görülüb. Həmin 12 oyunçu 56 milli matçda iştirak edib və ümumilikdə 4260 dəqiqə meydanda olub. “Qarabağ” bu baxımdan ilk “yüzlüy”ə düşən “böyük beşlik” ölkələrinin klublarından “Hoffenhaym”, “Vest Hem”, “Norviç”, “Volfsburq”, “Latsio”, “Kristal Pelas”, “Auqsburq”, “Hamburq”, “Şalke”, “Leyptsiq”, “Torino”, “Palermo”, “Monako”, “Malaqa”, “Sevilya”, “Bernli”, “Ayntraxt”, “Köln” və “Selta”nı geridə qoyub.
“Qarabağ” postsovet məkanı ölkələrini təmsil edən klublar arasında 8-ci olub. Topaz Premyer Liqasının son qalibi sıralamada Donetsk “Şaxtyor”u (Ukrayna, 24-cü yer), Kiyev “Dinamo”su (Ukrayna, 29), “Krasnodar” (Rusiya, 30), “Zenit” (Rusiya, 32), “Rostov” (Rusiya, 39), MOİK (Rusiya, 42) və BATE-dən (Belarus, 46) geri qalır.
Siyahıya İtaliya çempionu “Yuventus” başçılıq edir. Turin təmsilçisinin 21 üzvü 157 milli qarşılaşmada mübarizə aparıb. Bu baxımdan “Tottenhem” 2-ci, “Barselona” isə 3-cü yeri tutub. Maraqlıdı ki, ilk “20-lik”də olan komandalardan 19-u Avropa qitəsini təmsil edir. Tailand klubu “Muanqtonq” bu siyahıda 17-ci pillədə göstərilib.
Türkiyənin 3 klubu yığmalara ən çox futbolçu göndərən “100-lüy”ə düşüb. Bunlar İstanbul nəhəngləri “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”dı. Millilərə 18-ci futbolçu verən “Fənərbaxça” 13-cü (94 oyun, 7011 dəqiqə), “Qalatasaray” 12 oyunçu ilə (54 oyun, 3759 dəqiqə) 59-cu, “Beşiktaş” isə (14 futbolçu: 71 oyun, 3712 dəqiqə) 61-ci yeri tutub.