bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Portuqaliyanın prezidenti Ronaldonu təbrik etdi

13.12.2016 03:44 Oxundu 1732

Portuqaliyanın prezidenti Marselo Rebelo de Souza 2016-cı ilin yekunlarına əsasən "Qızıl top" mükafatına layiq görülməsi münasibətilə Madrid "Real"ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldonu təbrik edib. Təbrikdə deyilir: "Kriştianunu 4-cü dəfə "Qızıl top" alması ilə əlaqədar təbrik edirəm".

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasında dördüncü dəfə dünyanın ən yaxşısı seçilərək, bu mükafata yiyələnib.

Ronaldo 2008, 2013 və 2014-cü illərdə də "Qızıl top"u qazanıb. O, dördüncü dəfə "Qızıl top" mükafatını qazanmaqla, Yohan Kroyf, Mişel Platini və Marko van Basteni keçib. Yalnız Lionel Messi 5 dəfə bu mükafata sahib çıxıb. Cari mövsümdə "Real"ın heyətində Çempionlar Liqası və Avropa Superkuboku qazanan Ronaldo Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.

"Real" klublararası dünya çempionatında iştirak etdiyindən Ronaldo mərasimə qatıla bilməyib. Səsvermədə 173 jurnalist iştirak edib.

Xatırladaq ki, bu ildən etibarən "France Football" nəşri 2007-ci ilə qədər olduğu kimi "Qızıl top" mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.