2097
BP şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə tərəfdaşlığı 2020-ci ilədək davam etdirəcək. Bununla bağlı dekabrın 15-də Milli Olimpiya Komitəsinin inzibati binasında BP şirkəti ilə Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında imzalanma mərasimi keçirilib. Şirkətin rəsmi saytının məlumatına görə, tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "Məmnuniyyətlə elan etmək istəyirik ki, biz 2020-ci ilin sonunadək Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşı olmağa davam edəcəyik. Biz həmçinin BP ailəsinin üzvləri olan idman elçilərimizlə əməkdaşlığın davam etməsindən də məmnunluq duyacağıq. Onlar tərəfdaşlığımızın başladığı andan etibarən bütün mötəbər idman tədbirlərində BP kollektivi üçün və həqiqətən də Azərbaycan xalqı üçün qürur mənbəyi olub. İdman elçilərimiz yarışlara və Azərbaycan üçün medallar qazanmağa hazırlaşdığı müddətdə onlara dəstəyimizi davam etdirəcəyik.
BP növbəti il Azərbaycanda öz fəaliyyətinin 25 illiyini qeyd etməyə hazırlaşır. Buradakı fəaliyyətimiz ərzində biz ölkədəki həyatın bir çox aspektlərində yaxından iştirak etmişik, fəaliyyətimizi təhlükəsiz və səmərəli şəkildə apararaq bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər, icmalar və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar qurmuşuq. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir."
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə deyib: "Çox sevindirici haldır ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesi deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərir. 2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olmuşdur. Belə ki, BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, yüzlərlə idmançı, onlarla məşqçi faydalana bilmişdir. 2014-2016-cı illəri əhatə edən və Maykl Consonun birgə iştirakı ilə həyata keçirilən "Elit idmançıların təlim və inkişaf proqramını" xüsusilə vurğulamaq istərdim."
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib: "Biz bilirik ki, BP şirkəti Beynəlxalq Paralimpiya Komitəsi ilə yanaşı, dünyanın 10 ölkəsinin, o cümlədən Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə tərəfdaşdır. Bu humanist addım bizi sevindirir və BP şirkəti ilə rəsmi tərəfdaş olmağımızla qürur duyuruq. Əminəm ki, bu gün rəsmi tərəfdaşlığımızın davam etdirilməsi məqsədi ilə imzalayacağımız sənəd ölkəmizdə paralimpiya hərəkatının daha da sürətlə inkişaf etdirilməsi ilə, növbəti ilin may ayında keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında paralimpiyaçılarımızın daha da yüksək nəticələr əldə etmələrinə böyük töhfə verəcəkdir".