bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

"Taekvandoçularımız heç bir komandaya şans vermədilər"

15.12.2016 22:36 Oxundu 1915

Taekvando üzrə Azərbaycan yığması Olimpiya növləri üzrə çempionatda qalib gələn ilk komandadır. Komandalararası dünya çempionatında səkkiz ən güclü komanda iştirak edirdi. Taekvandoçularımız heç bir komandaya şans vermədilər və kubok bu il də Azərbaycanda qaldı. Komandamız hər iki uğuru baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə qazanıb. Ötən il komandamızın Meksikada qazandığı çempionluğu Bakıda qorumasına müntəzəm məşqlər səbəb olub. Bu sözləri dekabrın 15-də Azərbaycan Taekvando Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov kişi taekvandoçulardan ibarət yığma komandamızın Bakıda keçirilən Qran-pri yarışında və komandalararası dünya çempionatındakı uğurlu çıxışına, eləcə də ATF-in Beynəlxalq Taekvando Federasiyası tərəfindən “İlin ən yaxşı milli assosiasiyası” elan edilməsinə həsr olunan mətbuat konfransında deyib.

Qadınlardan ibarət Azərbaycan yığmasının komandalararası dünya çempionatında ümidləri doğrultmamasına toxunan N.Səfərov deyib: “Olimpiya Oyunlarından iki ay sonra bu yarışda iştirak etmək komandamızın təqvim planında yox idi. Kişilərdən ibarət komandamız yarışa hazır olsa da, qadın taekvandoçularımız yaxşı hazırlaşa bilmədilər”.

ATF-in vitse-prezidenti gələn il bir sıra yeni idman bazalarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirib ki, federasiya ilk bazanı Ağdamda açmağı planlaşdırır.

Xatırladaq ki, Bakıda keçirilən beynəlxalq Qran-pri yarışında taekvandoçumuz Milad Beigi Harçeqani 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Kişilərdən ibarət millimiz isə komandalararası dünya birinciliyini qələbə ilə başa vuraraq, dünya çempionu titulunu qoruyub.