bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Payet uşaqlarına qadağa qoyub: Ronaldonun adını çəkməyin

17.12.2016 09:47 Oxundu 2271

"Vest Hem"in və Fransa millisinin yarımmüdafiəçisi Dimitri Payet bu ilin yayında - Avropa çempionatının finalında Portuqaliyaya uduzmalarını (0:1) unuda bilmir. Hətta Payetin dediyinə görə, o, uşaqlarına Portuqaliya komandasının lideri Kriştianu Ronaldonun adını çəkmələrinə belə qadağa qoyub: "Uşaqlarım dünya futbolunun bəzi oyunçularının fanatıdırlar. Uşaqlarım tez-tez fanatları olduqları futbolçuların jestlərini təqlid edirlər. Əlbəttə, onları Ronaldo və Messi də maraqlandırır. Amma mən 2016-cı ildə Fransada keçirilmiş Avropa Çempionatından sonra Ronaldonun adını çəkmələrini onlara qadağan etmişəm".

Qeyd edək ki, "Stad de Frans" stadionunda keçirilmiş final matçında Portuqaliya yığması Fransa millisini məğlub edib. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu (Qol: Eder, 109) vurublar. Onu da qeyd edək ki, bu ölkənin yığması lideri, kapitanı Kriştianu Ronaldonu hələ ilk hissədə zədə üzündən itirsə də, bu, qalib olmaısına mane olmayıb. Portuqaliya yığması əlavə vaxtda hücumçusu Ederin vurduğu qolla qalib olub. Bununla da portuqaliyalılar tarixində ilk dəfə titul qazanıb. Bunadək 2004-cü ildə vətənlərində keçirilən Avropa çempionatının gümüş medalçısı olan Portuqaliya yığması nəhayət ki qitənin ən güclüsü olub. Bununla da dünyanın ən yaxşı futbolçularından olan 31 yaşlı Kriştianu Ronaldo yığma səviyyəsində ilk titulunu qazanıb.