2109
Topaz Premyer Liqasında XIV turun oyunları çərçivəsində “Kəpəz” Qəbələdə eyniadlı komandanın qonağı olub. İlin son çempionat matçında “sarı-göylər” məğlub olub. 90 dəqiqənin taleyinə 11 metrlik cərimə zərbələri aydınlıq gətirib. Cərimə meydançasında üç dəfə qayda pozuntusu qeydə alan referi iki dəfə "Kəpəz"i, bir dəfə isə ev sahiblərinin qapısına penalti təyin edib. Hər üç halda topa yaxınlaşan futbolçular zərbələri dəqiq yerinə yetirib.Beləliklə, Qəbələ səfərində 2:1 hesabı ilə uduzan Gəncə klubu qış fasiləsinə 15 xalla turnir cədvəlində beşinci pillədə yollanıb.
“Qəbələ” – “Kəpəz” oyunundan sonra baş məşqçilərin mətbuat konfransı keçirilib. İlk olaraq media önünə Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev çıxıb. Məşqçi oyunla bağlı belə danışıb: “Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi. Elə meydandada maraqlı oyun oldu. Hər iki komanda bir-birinə layiq futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu, heç kim müdafiədə oturmadı. Sadəcə, ikinci qolda mövqe səhvi buraxmağımız bizi xaldan etdi. Rəqibə uğurlar arzu edirəm, öz komandamın da oyunundan razıyam. İlk 12-15 dəqiqəni saymasaq, qalan vaxtda komanda öz oyununu göstərə bildi. İlin son oyunu kubok matçı olacaq. Bu görüşə ciddi hazırlaşacağıq, asan qarşılaşma olmayacaq.”