1774
Başa çatmaqda olan 2016-cı il Azərbaycan klublarını təmsil edən futbolçuların Avropa ölkələrinin yığmalarındakı çıxışları ilə də əlamətdar olub. apasport-un məlumatına görə, Topaz Premyer Liqasının 5 klubu “Köhnə qitə”də təmsil olunub. “Qarabağ” hamıdan çox – 2 futbolçusunu Avropaya ezam edib. Onlardan biri ilkə imza atıb. Bu, Avropa çempionatının final mərhələsindəki ilk nümayəndəmiz Ansi Aqollidi. İndiyədək yalnız Afrika çempionatında təmsil olunmuşduqsa, Albaniya yığmasının üzvü eyni uğuru Avropada təkrarlamağımıza səbəb oldu. Ümumilikdə, Aqolli il ərzində 10 dəfə yığmada “Qarabağ”ı təmsil edib. Bu qarşılaşmalardan 3-ü AÇ-2016-nın final, 3-ü DÇ-2018-in seçmə oyunu olub. Digər 4 qarşılaşma isə yoldaşlıq xarakteri daşıyıb. Onun klubdakı komanda yoldaşı İbrahim Şehiçin hesabında isə 3 matç var. O, Bosniya və Herseqovina millisində yalnız yoxlama xarakterli görüşlərdə meydana çıxıb. Bunlardan ikisi Yaponiyada təşkil olunan beynəlxalq turnir çərçivəsində baş tutub.
“Qəbələ”nin Avropaya ezam etdiyi yeganə oyunçu Sergey Zenyovdu. O, 2016-cı 6 dəfə Estoniya millisində forma geyinib. 3 yoxlama matçının iştirakçısı olan hücumçu DÇ-2018-in seçmə mərhələsindəki eyni sayda qarşılaşmaya çıxıb. Onun yeganə qolu Malta ilə avqustun 31-dəki yoxlama matçına təsadüf edib.
“İnter”in də Avropa yığmalarında təmsilçiliyi olub. Artıq “Qəbələ”də çıxış edən Nika Kvekveskiri sabiq klubunu 3 dəfə Gürcüstan yığmasında təmsil edib. Bu qarşılaşmalar yoxlama xarakterli olub. “Neftçi” isə Makedoniya yığmasına futbolçu verib. Vançe Şikov DÇ-2018-in 3 seçmə oyununda komandasına kömək etməyə çalışıb. AZAL-ın yeganə təmsilçiliyi isə iyunun 3-dəki İsveçrə - Moldova görüşünə (2:1) təsadüf edib. Stanislav Namaşko sonuncuların qapısını qorumaqla il ərzində xarici millilərin ilk və yeganə AZAL üzvü olub. Bir sözlə, 5 klubumuzun 6 üzvü 6 müxtəlif yığmada çıxış edib. Onlar ümumilikdə 23 qarşılaşmada meydana çıxıb.