şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Fariz Yusifov AZAL-ın yerinə qol vurmalıdı?"

26.12.2016 16:54 Oxundu 2301

"Mən hakimlikdə ciddi problem görmürəm. Bəzən klub rəhbərləri məndən inciyirlər. Amma mən hakimləri yox, haqqı müdafiə edirəm. Sonuncu kubok oyunundan sonra AZAL hakimləri qərəzli olmaqda suçladı. Həmin oyunu sona qədər izləmişəm. Əminliklə deyirəm ki, AZAL-ın əleyhinə hakim səhvi olmayıb. Hansı qərəzdən danışırlar? Sənin futbolçun boş qapıya dəqiq zərbə endirə bilmir, qaranquş vurursa, buna hakim neyləsin? Komanda yığ, sonra danış. Fariz Yusifov neyləməlidi? AZAL-ın yerinə qol vurmalıdı? "Neftçi"də işləyəndə hakimliklə bağlı bəzi incəlikləri bilmirdim. Bir dəfə hansısa oyunda qapımıza qol vuruldu. Hakim Ceyhun Haşımov idi. Dərhal etirazımı bildirdim, hirsimdən partlayırdım. Sonra Ağasəlim Mircavadov əsəbləşməyimin səbəbini soruşdu. Səbəbini bildikdən sonra izah etdi ki, rəqib qolu tam qaydalar çərçivəsində vurub. Boynuma aldım ki, bilməmişəm, səhv etmişəm. Hətta səhvimə görə zəng vurub AFFA-nın o vaxtkı baş katibi Fuad Əsədovdan da üzr istədim. Oyun vaxtı emosiyaları anlayıram. AZAL - "Qəbələ" oyununun gedişində Fikrət Hüseynov mənə zəng vurdu. Amma telefonu götürmədim. Çünki nə deyəcəyini bilirdim. AZAL-ın penalti istədiyi etdiyi epizodda hakim düzgün qərar qəbul etmişdi. Orda penalti yox idi. Fariz Yusifovun yeganə səhvi AZAL-ın futbolçusuna simulyasiyaya görə sarı vərəqə göstərməməsi idi. Hakim səhvləri hər yanda olur. Dünyada elə bir çempionat var ki, hakim səhvi olmasın? Vacib odur ki, qərəz olmasın. Bilərəkdən hakimlər kimisə uduzdurmasınlar". Bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbolxeber.az-a müsahibəsində deyib. O, Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbinin dəvət edilməsinə isə belə reaksiya verib: "Mənim üçün fərqi yoxdur ki, hakimlər komitəsinin sədri kimdir. Xaqani Məmmədov mənim nə qardaşımdı, nə də əmim oğlu. Əsas odur ki, qərəzli hakimlik olmasın. Mən klubların hamısının hakimlikdən narazı olmasına inanmıram".