2057
Bir neçə gündən sonra 2016-cı il geridə qalacaq. apasport-un məlumatına görə, bu il ərzində Azərbaycan futbolu enişli-yüksəlişli qrafik cızdı.
Təbii ki, bir çox xoşagəlməz hallar, uğursuzluqlar da yaşandı. Ancaq ümumilikdə 2016-cı ili ölkə futbolu üçün uğurlu saymaq olar. Hər halda, futbol və futzal yığmalarımızın qələbələri, klublarımızın, eyni zamanda FİFA dərəcəli hakimlərimizin beynəlxalq arenadakı çıxışı azarkeşlərin ürəyincə oldu.
Biz də bu yazıda 2016-cı ildə Azərbaycan futbolunda müsbət mənada yadda qalan məqamlara toxunacağıq.
Eyforiya yaradan start
Dünya çempionatının seçmə mərhələsinə “Niyə də yox?” şüarı ilə başlayan milli ilk matçında San-Marino üzərində səfər qələbəsi qazanması normal qarşılandı. Ancaq oktyabrda Bakı Olimpiya Stadionunda Norveç üzərindəki qalibiyyət futbol ictimaiyyətini xeyli ümidləndirdi. Təsadüfi deyil ki, iki turdan sonra Azərbaycanla Almaniya yığmaları C qrupunda liderliyi bölüşürdülər. Norveç zəfərindən 3 gün sonra çətin Çexiya səfərində əldə edilən 1 xal artıq bütün ölkədə eyforiya yaratdı. Millimizin 3 turdan sonra 7 xalla 2-ci pillədə yer alması futbolsevərləri mundial xəyallarına apardı. Artıq hər kəs Şimali İrlandiya ilə səfər qarşılaşmasından uğurlu nəticə tələb etməyə başladı. Doğrudu, komandamız ilə böyükhesablı məğlubiyyətlə son qoydu. Ancaq 4 turda 7 xal toplamasını və 2-3-cü yerləri bölüşməsini baş məşqçi Robert Prosineçkinin aktivinə yazmaq olar. Komandamızın ehtiyatında 4 ev matçının olduğunu nəzər alsaq, hələ də arzuların çin olmasına ümidlər qalmaqdadı.
Avropa və dünya çempionatındakı zəfər
Futzal millimiz bu il iki mötəbər yarışda iştirak etdi. Yığmamız əvvəlcə fevralda Serbiyada Avropa çempionatının final mərhələsinə qatıldı. İtaliyaya (0:3) məğlub olan Tino Peresin yetirmələri Çexiya üzərində 6:5 hesablı qalibiyyət sayəsində 1/4 finala adladı. Lakin bu mərhələdə komandamızın önünü Rusiya kəsdi – 2:6. Peresin ölkəmizdə son uğuru millimizi mundiala daşımaq oldu. Belə ki, dünya çempionatının pley-off mərhələsində Hollandiya səddi keçildi (5:1, 4:4) və futzalçılarımız Azərbaycan tarixində ilk dəfə mundialda iştirak hüququ qazandılar. Bundan sonra Peres gözlənilmədən istefa verdi, federasiya isə Miltinyonu baş məşqçi postuna gətirdi. Braziliyalı mütəxəssisin işi qısa müddətdə özünü göstərdi ki, nəticəsi Kolumbiyadakı dünya çempionatında göründü. Debütdəcə uğurlu nəticə əldə edən millimiz Afrika çempionu Mərakeşi darmadağın etdi (5:0) və Asiyanın ən güclüsü olan İranla qollu (3:3) bərabərə qaldı. Avropa çempionu İspaniya ilə başabaş mübarizə aparılmasına baxmayaraq, daha təcrübəli rəqib 4:2 hesablı qələbəyə sevindi. Buna baxmayaraq, komandamız qrup ikincisi qismində mərhələ adladı. 1/8 finalda əlavə edilmiş dəqiqələrdəki üstün futbol sayəsində Tailand üzərində (13:8) qələbə qazanan yığmamız yoluna davam etdi. Təəssüf ki, 1/4 finalda Portuqaliya möcüzənin reallaşmasına imkan vermədi. Ciddi itkilərin fonunda komandamız güclü rəqiblə başabaş mübarizə aparsa da, 2:3 hesablı məğlubiyyətlə turnirə “əlvida” dedi.
“Lill” sürprizi və yenə qrup həyəcanı
Ötən mövsüm olduğu kimi, yenə 2 komandamız – “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Ağdamlılardan fərqli, “qırmızı-qaralar” yenə buna böyük çətinlik hesabına nail oldular. Roman Qriqorçukun yetirmələri bu dəfə də 4 komandanı turnirdən uzaqlaşdırmağı bacardılar ki, onlardan birini xüsusi vurğulamaq lazımdı. Təmsilçimiz III təsnifat mərhələsində Fransa nəhənglərindən sayılan “Lill” üzərində tarixi qalibiyyət qazanmaqla, bütün Avropanı şoka saldı. “Lill” kimi rəqibi keçib “Maribor”a yenilmək haqsızlıq olardı. Düzdü, bölgə klubu qrupu xalsız tamamladı. Ancaq rəqiblərin gücü və “Qəbələ”nin heyətinin kasad olması da bunda az rol oynamadı. Qriqorçukun komandası bütün görüşlərdə məğlub olsa da, oyunların heç birində aşkar autsayder təsiri bağışlamadı. O ki qaldı “Qarabağ”a, ağdamlılar yenə Çempionlar Liqasında pley-off üzü görmədilər. Halbuki, buna çox yaxın idilər. Əvəzində Qurban Qurbanovun kollektivi Avroliqada olduqca münasib qrupa düşdü və Azərbaycan futbol tarixində ilk dəfə 1/16 final həyəcanı yaşamağa çox yaxın idi. Sona iki tur qalmış komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşırdı. Hamı növbəti mərhələdəki rəqiblə bağlı müzakirə aparırdı ki, “Qarabağ” ardıcıl 2 məğlubiyyətlə bu arzuları puç etdi. Ən acınacaqlısı da o oldu ki, “Qarabağ”ı üstələyən komanda təmsilçimizin hər iki qarşılaşmada məğlub etdiyi PAOK idi.
Gələcəyin ulduzlarının Bakı sınağı
Mayda ölkəmiz böyük bir turnirə ev sahibliyi etdi. Belə ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi məhz Bakıda baş tutdu. Azərbaycan millisi də ev sahibi qismində tarixində ilk dəfə final mərhələsi həyəcanı yaşadı. Düzdü, komandamız Portuqaliya, Belçika və Şotlandiyanın yer aldığı A qrupunu 4 xalla 3-cü sırada tamamlayıb qrupda qaldı. Buna baxmayaraq, ölkəmizdə keçirilən bu yarış Avropada ajiotaj yaratdı. Portuqaliya, Belçika, Almaniya, İngiltərə, Fransa, İspaniya, Hollandiya, İtaliya kimi nəhəng futbol ölkələrinin gələcək ulduzları Bakıda özlərini göstərməyə çalışdılar. İstedadı ilə seçilən bir neçə gənc məhz bu turnirdən sonra böyük klublarla peşəkar müqavilə imzaladı.
Əliyar Ağayevin sıçrayışı
2016-cı il FİFA dərəcəli hakimimiz Əliyar Ağayev üçün də düşərli oldu. Bu il azərbaycanlı referilərə 17 beynəlxalq təyinat verildi ki, bunun 12-də baş hakim məhz Ağayev oldu. Bu qarşılaşmalardan 6-nı xüsusi qeyd etmək lazımdı. U-19-ların Avropa çempionatının final mərhələsinin iştirakçısı olan Ağayev çempionun müəyyənləşdiyi Fransa – İtaliya matçında (4:0) ədalət təmsilçisi oldu. DÇ-2018-in seçmə mərhələsində Kipr – Cəbəllütariq (3:1) görüşünü idarə edən gənc hakim Avropa Liqasının qrupunda da 3 oyunda baş hakim rolunu oynadı. “Roma” – “Astra” (4:0), “Konyaspor” – “Braqa” (1:1) və “Şalke” – “Nitsa” (2:0) matçlarında fit çalan həmyerlimiz Rusiya ilə Qana yığmaları arasında baş tutan yoldaşlıq görüşünü də idarə edib. Bundan əlavə, Avroliqanın təsnifat mərhələsində 2, Gənclər Liqasında 1, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində 1 və U-19-ların qitə birinciliyinin final mərhələsində qrupda 2 matça təyinat almış Ağayevin gələn il 1-ci kateqoriyaya yüksəlməsi gözlənilir.
446 gündən sonra futbola dönüş
Ötən ilin avqustunda jurnalist Rasim Əliyevin Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsinin səbəbkarlarından biri hesab edilən Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov həmin vaxt həbs edilmişdi. Ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə maddələri ilə təqsirləndirilən Hüseynov haqda hökm bu ilin mayında verildi. Karyerasının ən yaxşı çağında dəmir barmaqlıqlar arasına düşən yarımmüdafiəçiyə 4 illik həbs qərarı verilsə də, apellyasiya şikayəti oktyabrda təmin edildi və o, azadlığa buraxıldı. Futbol ictimaiyyətini sevindirən digər xəbər isə Hüseynovun qısa müddət sonra “Qəbələ” klubu ilə müqavilə bağlaması oldu. 28 yaşlı futbolçu oktyabrın 25-də “Sumqayıt”la qarşılaşmada meydana çıxmaqla, 446 günlük futbol həsrətinə son qoydu.
Ronaldinyonun Bakıya gəlişi
Dünya şöhrətli futbolçu Ronaldinyonun oktyabrın 19-da Azərbaycana gəlməsi bir neçə gün ölkənin gündəmini zəbt etdi. Təsadüfi deyil ki, ertəsi gün Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında toplaşan jurnalist sayı Azərbaycan çempionatının əksər oyunlarına gələn azarkeş sayından çox idi. “Qəbələ”nin prezidenti Tale Heydərovla birlikdə mətbuat konfransında sualları cavablandıran Ronaldinyo bu klubla əməkdaşlığın təməlini qoydu. Tərəflər arasındakı razılığa əsasən, Bakıda Ronaldinyonun adını daşıyan futbol akademiyası fəaliyyət göstərəcək. Bununla yeniyetmə və gənclərdə futbola marağı artırmaq məqsədi güdülür. Hər halda, bütün dövrlərin ən texnikalı futbolçusunun ölkəmizə gəlməsi adi hal deyil.
“Boavişta” macərası
Bəzi futbolçuların şəxsi karyeraları baxımından da 2016-cı ili uğurlu saymaq olar. Məsələn, millimizə dəvət alan Ramil Şeydayevin Türkiyə nəhəngi “Trabzonspor”a, Emin Mahmudovun isə Portuqaliya klubu “Boavişta”ya keçidi böyük səs-küy yaratdı. Ancaq Kamran Ağayevin yayda “Boavişta”ya keçidi onları kölgədə qoydu. İlk növbədə ona görə ki, Ramil və Emindən fərqli Kamran Azərbaycan futbol məktəbinin yetirməsidi. İlin ikinci yarısını “İnter”də keçirən Ağayev yayda heç bir yerli kluba lazım olmadığını görüncə “Sumqayıt”la anlaşmalı oldu. Lakin o, “gənclik şəhəri” təmsilçisinin heyətində debüt etməmiş sürpriz şəkildə Portuqaliyaya yollandı. Kamran buraxdığı “quş”lara baxmayaraq, qısa müddətdə elita təmsilçisi “Boavişta”nın “1 nömrə”sinə çevrildi və komandasının daha uğurlu çıxış etməsində müstəsna rol oynadı. Doğrudu, həm Emin, həm də Kamran artıq “Boavişta”nın aparıcı siması sayılır, hətta yarımmüdafiəçi son matçda qol da vurdu. Ancaq razılaşaq ki, Ağayevin ölkə xaricində uğurlu çıxışı futbolsevərləri daha çox sevindirir. Təəssüf ki, bir yerdə çox qala bilməyən və evlənmək istədiyini, atası üçün darıxdığını bildirən Kamran “Boavişta”nı da tərk etməyi özündə qətiləşdirib.
Debütdəcə “gümüş”
2014-cü ildə yaradılan “Zirə” komandası ilk mövsümündə I divizionu 5-ci sırada tamamladı. Buna baxmayaraq, paytaxt təmsilçisi növbəti mövsüm Topaz Premyer Liqasında debüt etmək şansı qazandı. Yaxşı maliyyə dəstəyi sayəsində heyətinə xeyli sayda güclü əcnəbi oyunçu cəlb edən “Zirə” gözləniləndən qat-qat uğurlu çıxış etdi. Komanda yalnız çempion “Qarabağ”dan geri qaldı və ilk mövsümündəcə gümüş mükafata layiq görüldü. Avrokubokda iştirak üçün klubun 3 illik peşəkar fəaliyyəti vacibdi ki, “Zirə” UEFA-nın bu tələbini qarşılamadığı üçün Avropa Liqasına buraxılmadı. Bakılıların heyətində çempionatda 14 qol vuraraq bombardirlər yarışını ikinci pillədə bitirən Nelson Bonilyanın Portuqaliyanın “Nasional” klubuna transferini və bundan qazanc əldə edilməsini də yeni yaranmış komanda üçün böyük uğur saymaq olar.
Futbolçu - baş məşqçi
Azərbaycanın müstəqillik dönəminin ən güclü futbolçularından biri hesab edilən Rəşad Sadıqov 34 yaşı olmasına baxmayaraq, hələ də həm “Qarabağ”, həm də Azərbaycan millisi üçün əvəzedilməzdi. Zədəli halda belə, böyük fədakarlıq edərək meydana çıxan və kritik qol və müdaxilələrlə komandalarımızın qələbələrində önəmli rol oynayan Rəşad bu il məşqçilik fəaliyyətinə də başladı. Artıq A kateqoriyalı məşqçi lisenziyasını almağa hazırlaşan Sadıqov iyulda “Qarabağ”ın U-19 komandasına baş məşqçi təyin edildi. Onun futbol savadı, öz üzərində daim çalışması Azərbaycan futbolu üçün böyük bir məşqçinin yetişməkdə olmasından xəbər verir. Artıq əksəriyyət Sadıqovu gələcəyin güclü mütəxəssislərindən hesab edir.