şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

İlin yalanı, “lotu”su, pornoulduzu və digər neqativləri...

29.12.2016 13:02 Oxundu 2042

2016-cı ilin başa çatmasına cəmi 2 gün vaxt qalıb. apasport-un məlumatına görə, geridə qalmaqda olan ildə Azərbaycan futbolunda təkcə pozitiv yox, neqativ hallar da yaşandı.

Doğrudur, futzal millimizin dünya və Avropa çempionatındakı çıxışı, futbol üzrə yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki qələbələri, klublarımızın avrokuboklardakı göstəriciləri müsbət mənada yaddaqalan oldu. Ancaq ölkə futboluna ciddi ziyan vuran, insanların futbola olan sevgisinə mənfi mənada təsir edən olaylar da yaşandı.

Dünən ilin pozitivlərini sıralamışdıqsa, bu dəfə neqativ mənada yadda qalan məqamlara toxunacağıq.

“Xəzər Lənkəran” erası bitdi

Azərbaycan futbolunda yeni klubun yaradılma və ya dağıdılma prosesi iki günün işidi. 2004-cü ildə yaradılan “Xəzər Lənkəran” ölkə futboluna əlavə rəng qatdı, hərəkətlilik gətirdi. Lənkəranlı fanatların fəallığı sayəsində “Neftçi”, “Bakı” və digər klubların da azarkeşlərində canlanma yarandı. Ancaq təəssüf ki, böhran ilk olaraq məhz “Xəzər Lənkəran” və son illər güclü futbol məktəbi ilə seçilən “Bakı”nı “vurdu”. Əvvəlcə “zolaqlılar” bir mövsüm I divizionda oynadı, cari mövsümdən də həvəskarlar arasındakı yarışa qoşuldu. “Xəzər Lənkəran” isə FİFA-dan gələn sanksiya üzündən son mövsümündə təcrübəsiz gənclərin ümidinə qaldı. Daim çempionluğa oynamasına öyrəşdiyimiz “ağ-yaşıllar” ötən mövsümü sonuncu pillədə tamamladı. Bir neçə əcnəbi futbolçuya olan borc üzündən FİFA-lıq olan komandanın yayda fəaliyyətini dayandırması qərara alındı. Bu isə təkcə lənkəranlıları yox, bütün Azərbaycanı, hətta cənubluların əzəli rəqibi olan “Neftçi” fanatlarını da üzdü. “Xəzər Lənkəran”ın yoxluğu isə indi açıq-aşkar hiss olunur.

UEFA və FİFA-dan “İnter”ə sanksiya

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra dağılacağı gözlənilən “İnter” üçün ötən mövsüm bu təhlükə sovuşdu. Komanda çempionatı 4-cü pillədə tamamlayaraq, Avropa Liqasında iştirak hüququ qazandı. Lakin futbolçularına olan borclarına görə, UEFA klubu avrokuboklardan kənarda qoydu. Yeni prezident Rəşad Qasımov büdcəni azaltdı, futbolçularla borc məsələsini həll etdi. Ancaq sentyabrda komanda növbəti sanksiya ilə üzləşdi. Bu dəfə FİFA “bankirlər”ə 2 dönəmlik transfer qadağası qoydu. Yəni komanda həm bu qış, həm də yay fasiləsində heç kimi transfer edə bilməyəcək. Klubda bütün işləri yoluna qoyan Rəşad Qasımov isə oktyabr ayında gözlənilmədən postundan ayrılmaq qərarına gəldi. Boş qalan rəhbər vəzifəsi bir neçə gün əvvəl Azər Əliyevə həvalə edildi. Çox ağır dönəmdən keçməsinə baxmayaraq, bakılılar heç də uğursuz nəticə göstərmirlər. Komanda həm kubokda yarımfinala adladı, həm də çempionatda qış fasiləsinə 3-cü pillədə yollandı.

Danışılmış oyunlarla bağlı cəzalar və əfvlər

Noyabr ayında AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirildi və danışılmış oyunlar məsələsi ilə bağlı qərarlar qəbul edildi. Bir neçə gündən sonra isə həmin qərarlar rəsmən açıqlandı. Araşdırmanın nəticəsinə görə, I divizionda danışılmış oyunların olduğu təsdiqləndi və cəzalar “yağmağa” başladı. Belə ki, 22 futbolçu, 1 klub rəsmisi və 1 hakim AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıldı. Onlar arasında milli komandamızın sabiq üzvləri Elvin Əliyev, Fərid Quliyev və Cəmşid Məhərrəmov da var idi. Sonradan bu siyahıya daha iki oyunçunun adı əlavə olundu. Komandalardan isə “Göyəzən”, “Şahdağ”, “Rəvan”, “Şərurspor” və “Energetik”in adı “qara iş”də hallandı. Lakin AFFA sonradan 15 şəxsi təmizə çıxararaq, onlarla bağlı qərarın qüvvədən düşdüyünü bəyan etdi.

Rüsvayçı çıxış və əlcək kimi dəyişdirilən məşqçilər

2016-cı ili ən çox unutmaq istəyən komanda, şübhəsiz ki, “Neftçi”di. Paytaxt klubunda eniş rəhbər dəyişikliyindən sonra başladı. Müşahidə Şurasının sədri vəzifəsinə gətirilən Çingiz Abdullayev qənaət dövrünə keçdi, aparıcı əcnəbi oyunçularla vidalaşıb, gənclərlə yola davam qərarı aldı. Amma bu addım ölkənin ən köklü komandasını tarixi ərzində ən uğursuz dönəmə sürüklədi. Ötən mövsümü 10 komanda arasında 6-cı bitirən “Neftçi” yalnız ölkə kubokunda finala çıxaraq avrokuboklarda iştirak hüququ qazandı. Amma belə vəziyyətdə çox irəliləyə bilməzdi və Avropa Liqasının II mərhələsindəcə mübarizəni dayandırdı. Paytaxt təmsilçisinin uğursuz nəticələrində baş məşqçilərin əlcək kimi dəyişdirilməsi də az rol oynamadı. Ötən ilin dekabr ayının sonunda Samir Əliyevin istefasını qəbul edən rəhbərlik bu posta müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevi təyin etdi. Abdullayev, həqiqətən də, bu işi müvəqqəti gördü. Belə vəziyyətdə çalışmayacağını anlayıb, martda başını götürüb qaçdı. Həmin vaxt isə idman direktoru Vəli Qasımovun müvəqqəti baş məşqçi qismində təyinatı gerçəkləşdi. Komandanın kubokda finala adlaması mövsümün sonunda Qasımovun qalmasını şərtləndirdi. Ancaq sən demə, “Neftçi”nin görəcəyi günlər qarşıda imiş. Biabırçı çıxışın nəticəsində komanda turnir cədvəlində 8 komanda arasında 7-ci pilləyə qədər yuvarlandı. Sentyabrda ölkə çempionatı çərçivəsində “Qəbələ”yə rüsvayçı şəkildə (0:8) məğlubiyyətdən sonra “xəstə olduğu üçün matça gəlmədi” deyilən Qasımov istefaya göndərildi. Paytaxt təmsilçisi bu dəfə AFFA-dan yardım istədi və millinin köməkçi-məşqçisi Elxan Abdullayev “Neftçi”yə gətirildi. Onun gəlişi də heç nəyi dəyişmədi. Qış fasiləsinə yalnız AZAL-dan öndə yollanan bakılıların bu mövsüm yeganə təsəllisi ölkə kubokunda yarımfinala vəsiqə qazanması oldu.

Xaqani Məmmədovun ağ yalanı

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov dekabrın 5-də “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişində FİFA dərəcəli referimiz Əliyar Ağayevin UEFA-nın I kateqoriyasına yüksəldiyi müjdəsini verdi. El arasında yayılan “yalanın ömrü 40 gün olur” misalı bu dəfə səhv çıxdı və Məmmədovun yalanı cəmi 4 gün çəkdi. Çünki ayın 9-da UEFA Ağayevin II kateqoriyada qaldığını açıqladı. Komitə sədri “eksklüziv”i ilə bütün Azərbaycanı aldatdığını fərqinə varıb, bu yalanını başqa yalanlarla ört-basdır etməyə çalışdı. Amma danışdıqca da “batdı”. Məmmədov sonra dedi ki, bəs, UEFA ildə 1 dəfə kateqoriya verməyi qərara aldı və Ağayevin I kateqoriyaya keçidi mövsümün sonuna qaldı. Elə idisə, qitə futbol qurumu Ömər Paşayevi beynəlxalq dərəcəli hakim kimi indi niyə təsdiqlədi? İnanmaq istəyirik ki, Xaqani Məmmədovun yalanı gerçək olar və Əliyar Ağayev yayda I kateqoriyaya yüksələr.

Pərdis və Eddinin video qalmaqalı

İyun ayında Almaniya mətbuatında yayılan şok məlumat millimizin hücumçusu Pərdis Fərcad-Azadı Azərbaycanda bir nömrəli gündəm mövzusuna çevirdi. Həmin vaxt “Sumqayıt”dan ayrılıb “İnter”ə keçən Pərdisin sən demə 4 ildi davam edən məhkəməsi var imiş. Belə ki, o, bir dostu ilə 2012-ci ildə almaniyalı model Gina-Liza Lohfinksi zorlamada ittiham olunurdu. Dərhal həmin görüntülərin videosu internetdə yayıldı. Xəyallarının qadını futbolçunu məhkəməyə vermişdi və həmin prosesə məhz bu il yekun vuruldu. Məhkəmə yekunda həm ittihamçıları, həm də şikayətçini cərimələyərək işi bağladı.

Oktyabrda isə yığmamızın digər milliləşdirilmiş üzvü Eddi İsrafilov İspaniyada seks qalmaqalının “qəhrəman”ına çevrildi. Belə ki, Eddi “Eybar”da çıxış etdiyi vaxt komanda yoldaşı olan Antonio Luna və Serxi Enriçin iştirakı ilə porno videonu internetə sızdırmaqda ittiham edilirdi. Məsələ ondadı ki, Luna və Enriç hələ 2015-ci ilin iyulunda gənc qızla aralarındakı intim əlaqəni telefonun yaddaşına köçürüblər. 17 saniyəlik roliki ələ keçirən Eddi bunu internetdə yayıb.

Diniyev-Bayramov qalmaqalı

İl ərzində çempionat matçları zamanı bir çox qalmaqallar yaşandı. Ancaq onlardan ən yaddaqalanı “Kəpəz”in baş məşqçisi Şahin Diniyevlə “Zirə”nin qapıçısı Kamal Bayramov arasında oldu. Belə ki, Topaz Premyer Liqasının IV turunda bu komandalar arasında Gəncədə baş tutmuş matçdan sonra adıçəkilən şəxslər qalmaqala səbəb olublar. Bayramovun baş hakim Ramil Diniyevə çılğın etirazına dözə bilməyən referinin əmisi ona yaxınlaşaraq təhqiramiz ifadələr işlətməyə başlayıb. Bayramovun sözlərinə görə, çalışdırıcının ona ən yumşaq sözü tonla “ə, sən qudurmusan?” olub. Qapıçı Diniyevin sonradan zəng vuraraq, peşman olduğunu və ondan üzr istədiyini də sözlərinə əlavə edib. “Lotu” baş məşqçi o qədər peşman olubmuş ki, qolkiperə hətta “sən mənim böyüyümsən, bir səhvdi eləmişəm” də deyib.

Çempion oldu, elitaya buraxılmadı, dağıldı

Azərbaycan bu il dünya futbolunda analoqu olmayan daha bir hadisəyə şahidlik etdi. Ardıcıl iki il I divizionu zirvədə tamamlayan “Neftçala” bir andaca “yoxa çıxdı”. 2014-15 mövsümünün qalibi olan komanda “lisenziyanın tələblərinə cavab vermir” adı ilə Topaz Premyer Liqasına buraxılmadı. Buna baxmayaraq, növbəti mövsümü də uğurlu keçirən “Neftçala” bu dəfə də I divizionu çempion kimi tamamladı. Ancaq AFFA yenə eyni səbəbdən bölgə təmsilçisinə “elita vizası” vermədi. Nəticədə I divizionda ardıcıl çempionluqlardan bezən rəhbərlik klubu dağıtmaq qərarına gəldi.

İtkilər

Dünya futbolu 2016-cı ildə də bir neçə tanınmış simanı itirdi. Azərbaycanda ilin ilk üzücü olayı isə Akif İsmayılovun ölümü oldu. Tofiq Bəhramov adına Respublika stadionunun direktoru fevralın 26-da dünyasını dəyişdi. İllərini Respublika stadionuna həsr edən İsmayılov uzun sürən xəstəliyə 52 yaşında yenik düşdü.

Avqust ayında isə I divizion təmsilçisi “Zaqatala”nın məşqi zamanı afrikalı futbolçu Maykl Umanyika gözlənilmədən vəfat etdi. Avqustun 14-də kollektivə qoşulan oyunçu ertəsi gün məşq zamanı huşunu itirərək gözlərini əbədi yumdu.

Noyabrın 27-də futbol ictimaiyyəti daha bir üzücü xəbərlə sarsıldı. “Xəzər Lənkəran”dakı oyunu ilə tanınan Şəhriyar Xəlilov 25 yaşında ürək tutmasından vəfat etdi.

Bundan iki gün sonra isə bir faciə bütün dünyanı şoka saldı. Belə ki, Braziliyanın “Şapekoense” klubunun təyyarəsi qəzaya uğradı. Sudamerikana Kubokunun final qarşılaşması üçün komandanı Kolumbiyaya aparan hava gəmisi Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğradı. Nəticədə təyyarədə olan 81 nəfərdən 77-si həlak oldu. Ölən futbolçular arasında Azərbaycan futboluna tanış olan 2 sima da var idi. Belə ki, sabiq “Xəzər Lənkəran”lı Tieqo de Xesus və “İnter”də çıxış etmiş Felipe Maçado da həmin qəzanın qurbanlarından oldular.

Uğursuzluğa düçar olan layihələr

Klublar Komitəsi və Məşqçilər Komitəsinin ardından AFFA bu ilin əvvəllərində daha bir komitənin yaradılmasını qərara aldı. Mətbuata dəstək məqsədilə AFFA yanında Media Komitəsi yaradıldı, İdarə Heyətinə üzvlər seçildi. Komitənin əsas işi müxtəlif layihələr həyata keçirməklə AFFA-nın ayırdığı büdcəni mətbuatda bölüşdürməkdi. Bunda əsas məqsəd təbii ki, çətin günlərini yaşayan idman mediasını ayaqda saxlamaqdı. Media Komitəsinin boynuna götürdüyü iki layihənin “tutdurmadığını” söyləmək olar. Əslində, bölgələrə səfərlər zamanı ən yaxşı çalışan jurnalistlərə mükafat ayrılması yaxşı fikir idi. Lakin bu, mətbuatda parçalanmaya, ciddi narazılıqlara səbəb oldu. Nəticədə bir çox saytlar bu layihədən imtina etdilər. Digər layihə isə Azərbaycan idmanının, xüsusən də, futbolunun geniş işıqlandırılmasına, qaranlıq qalan olayların araşdırılmasına hesablanmışdı. Ancaq bunun da istənilən effekti vermədiyi göz önündədi. Bir sözlə, Klublar Komitəsi və Məşqçilər Komitəsi kimi, Media Komitəsinin də ölkə futboluna elə bir ciddi xeyri dəymədi.