2026
“Hakimlik son vaxtlar çox müzakirə olundu. Premyer Liqada 8 komanda oynayır və 5-6 baş hakim var. Şəxsən mən qərəzli hakimlik görmürəm. Bəlkə kimlərsə görür, amma mən görmürəm. Bu mənim peşəkar, eyni zamanda azarkeş kimi fikrimdi”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Məmmədov apasport.az, futbolinfo.az, qafqazinfo.az və 1news.az saytlarının əməkdaşlarına verdiyi müsahibədə Azərbaycan hakimliyini dəyərləndirib: “Oyunlara gedirik, bəzən "CBC Sport" vasitəsilə izləyir, təkrarlara da baxırıq. Bu məsələyə mövqeyimi dəyişsəm, onda bütün beynəlxalq futbol və hakimlik barədə fikrimi dəyişməliyəm. Çünki hər həftə Azərbaycan Premyer Liqası kimi, La Liqaya da, Bundesliqaya da, İngiltərə Premyer Liqasına da baxıram. Bu məntiqlə bütün oyunlara şübhəli yanaşa bilərik”.
Baş katib çempionatdakı sistematik hakim səhvlərinin çoxluğu ilə bağlı sualı klubların sayının azlığı ilə əlaqələndirib: “Hakimlər necə yetişir? Uşaq futbolundan I diviziona, ordan da Premyer Liqaya yüksəlməklə. Orda isə çoxlu sayda intensiv oyunlarda iştirak edir və UEFA-ya bununla bağlı siyahı göndəririk. Onlar da baxıb izləyirlər. Klubların sayı azalıb, I divizionun oyun səviyyəsi, sürəti və meydançaları o vəziyyətdə deyil ki, orda hər il yeni hakim yetişsin. Sizinlə səmimi danışmaq istəyirəm. Çünki siz futbol ailəsinin bir üzvüsünüz və problemin nədən ibarət olduğunu bilməlisiniz. Məsələn, Əliyar Ağayev harda təcrübə qazanıb? Azərbaycan Premyer Liqasında. Əliyar sistemdə yetişib. Deməli, klublar, federasiya, PFL, valideyn tərəfindən nəsə düzgün iş görülüb ki, Əliyar hazırda inkişaf prosesindədi. Mən düşünmürəm ki, o, top-hakim səviyyəsinə yüksəlib. Hələlik pilləkənləri qalxa-qalxa gedir. Açığı, hazırkı vəziyyətdə Əliyarın bu səviyyəyə gəlməsi bizim üçün böyük sürprizdi. Ümid edirəm ki, ən azı bu səviyyədə qalacaq. Hakimlik peşə deyil. Amma İngiltərədə artıq peşədi, hakimlər başqa işlə məşğul olmurlar. Deyə bilərsiniz ki, ay Elxan, necə peşə olur? Axı hakim həftədə bir dəfə 90 dəqiqə meydanda olur. Amma belə deyil. Xaqani müəllimə də demişəm, PFL prezidenti Ramin Musayevlə də bu barədə söhbətimiz olub. Məsələn, Əliyar gedib uşaq liqalarına da kömək etməlidi. Şənbə və bazar günləri Premyer Liqada hakimlik edirsə, 2-3-cü günlər getsin yeniyetmələrin oyunlarına. Biz həftədə 138 oyun keçiririk. Bununla məşğul olanda artıq rahat deyə bilərik ki, bu onun peşəsidi və peşəkar hakimdi. Bu gün bizdə peşəkar hakimlərin sayı sıfırdı. Əliyar Ağayev hazırda AFFA-da işləyir. Hər gün səhər işə gəlir, axşam gedir. Amma onun peşəsi hakimlik deyil. Məsələn, siz məhəllədə oyun keçirirsiniz, zəng vurub hakim istəyirsiniz, o da gəlir. Bu, artıq peşədi. Yox, deyirsə ki, bağışlayın, bu gün xəstəxanadayam, həkiməm, vaxtım yoxdu, deməli, həvəskar hakimdi. Bizdə də klubların sayını nəzərə alsaq, hakimlik peşə ola bilər. Premyer Liqadakı 6-7 baş hakimdən söhbət gedir. Məsələn, Ömər Paşayev də peşə kimi bu sahədə fəaliyyətini davam etdirə bilər. Uşaq liqalarına gedər, inkişaf edər. Öz üzərində işləmək lazımdı”.
Məmmədov təsdiqləyib ki, əsas problemlərdən biri də hakim sayının az olmasıdı. Belə ki, bəzən hansısa referi bir turda 2 oyuna təyinat alır. AFFA rəsmisi bu məsələdə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun məsuliyyət daşıdığını söyləyib: “Bunun hesabatı aparılır. Məsələ mart ayında müzakirə olunacaq. Təfərrüatını açıqlaya bilmərəm, daxili sənəddi. Amma o sənəddə bu amil öz əksini tapır. Hakimlərin sayı azdı. Risk eləmək lazımdı. Eybi yoxdu, səhv eləsin. Onsuz da, səhv edirlər, fərqi nədi? La Liqada belə halı çox müşahidə edirəm. Elə olur ki, hansısa hakimi ilk dəfə görürəm. Statistikasına baxıram ki, 1-2 oyun idarə edib, aşağı diviziondan gəlib. Yəni risk eləmək lazımdı. Bilirsiniz, heç kim ideal deyil və hər kəsin səhvi ola bilər. Hər sahədə insan öz işinə nəzər yetirməlidi. Biz öz işimizə baxırıq. Görürük ki, 6-cı gün oyun idarə edən hakim bazar günkü matçda köməkçi olur. Bunu qeyd edirik. Yaxşı hal deyil. Axı hakim də ardıcıl iki gün təzyiq altında olur. Ehtimal var ki, baş hakim zədə ala bilər və belədə 4-cü hakim onu əvəz etməlidi. Axı bir hakim ardıcıl iki gün necə oyun idarə edə bilər? Bir daha deyirəm ki, risk eləmək lazımdı. Futbol, onsuz da, riskdən ibarətdi. Risk etməsən, qol da vurmayacaqsan”.
Topaz Premyer Liqasının XIII turunda baş tutan “Qarabağ” – “Qəbələ” matçındakı (2:1) hakimlik uzun müddət müzakirə mövzusu oldu. Həmin qarşılaşma ilə bağlı Məmmədovun da fikirlərini öyrənməyə bilməzdik. O, söz-söhbətin uzanmasının səbəbkarlarından biri kimi də Xaqani Məmmədovu göstərib: “Tofiq Bəhramovun bir qərarını 1966-cı ildən bəri bütün dünya müzakirə edir. Təbii ki, biz onun doğru qərar verdiyinə şübhə etmirik. Üstündən illər keçməsinə baxmayaraq, insanlar hələ də müzakirə edirlər. Açığı, "Qarabağ" - "Qəbələ" oyunundakı penalti epizodu ilə bağlı iki əcnəbi hakimlə danışdım. Təkrarı göstərib, soruşdum ki, burda penalti qərarı verilib, düz idi, ya yox? Hər ikisi dedi ki, mən də o hakimin yerində olsaydım, 11 metrlik zərbə təyin edərdim. İkinci sualı da verdim ki, orda əllə oyun var? Dedilər ki, bu, artıq ikinci sualdı. Bunu deyən insanlar nə Xaqani Məmmədovu, nə "Qarabağ"dakıları, nə də "Qəbələ"dəkiləri tanıyırlar. İkinci suala cavablarını çox düşündüm və sonra başa düşdüm ki, oyun zamanı ani qərar idi. Düşünürəm ki, biz Xaqani Məmmədova kommunikasiya məsələsində tam nəzarət etsəydik, o, ayrı söz deyərdi. Məncə, Xaqani müəllimin çıxıb "düz elədi" və ya "səhv elədi" deməsi düzgün deyil. Deməli idi ki, səhvdisə araşdıracağıq, düzdüsə də düzdü. Qurtardı getdi. Polemikaya girmək doğru deyildi. Bu söhbət həmin gün bağlanmalı idi. Əminliklə deyə bilərəm ki, həmin matçda sürət fantastik idi. Çempionatın ən baxımlı oyunu idi. Amma futbol qaldı bir kənarda, hakimin qərarı əsas müzakirə mövzusu oldu. Hətta "CBC Sport" da hakimin qərarını müzakirə edirdi. Məncə, futbol baxımından müzakirə olunası oyun idi. Gənc nəsil, 15-16 yaşlı uşaqlar hakimliyi müzakirə etmək istəmirlər. Onları daha çox futbolçular maraqlandırır. Əvvəllər ona görə maraqlı idi ki, epizodların təkrarları düz-əməlli göstərilmirdi. İndi isə hər bir ana rahat baxmaq olur”.
Adıçəkilən qarşılaşmada baş hakim Rəhim Həsənov 4 dəqiqə əlavə etməsinə baxmayaraq, görüşü 8 dəqiqə uzatmışdı ki, “Qarabağ” da 90+7-ci dəqiqədə qələbə qolunu vurmuşdu. Elxan Məmmədov bunu 2012-ci ildə baş tutan Şimali İrlandiya – Azərbaycan qarşılaşması (1:1) ilə müqayisə edib: “Bu düşüncə ilə yanaşsaq, Şimali İrlandiya ilə 4 il öncəki səfər matçının ukraynalı hakimini də tənqid etməli idik. 1:0 öndə idik və hakim 6 dəqiqə əlavə etmişdi. Rəqib isə bərabərlik qolunu 90+6-dan sonra vurdu. Həmin referiyə bu günə qədər də heç nə deməmişik. Sonra araşdırdım, dedilər ki, bu, həmin hakimin son oyunu idi. Yəqin futbolla sağollaşmaq istəmirdi, ona görə uzadırdı (gülür)”.
Ruslan SADIQOV