şənbə, 17 yanvar 2026

GÜLƏŞ

Mariya Stadnik: "Mənim üçün 2016-cı il çox da yaxşı bitmədi"

30.12.2016 15:39 Oxundu 2190

“Hesab edirəm ki, 2016-cı il Azərbaycan idmançıları üçün çox uğurlu alındı. Çünki müxtəlif yarışlarda çoxlu medal qazandıq. Olimpiadanın mükafatçılarını da təbrik edirəm”. Bunu "apasport"a açıqlamasında Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik deyib.

Milliləşdirilmiş ukraynalı 2016-cı ili dəyərləndirib. Rioda Olimpiya mükafatlarının sayını 3-ə çatdırmaqla, Azərbaycan tarixinə düşən Stadnik Braziliyada güləşçilərimizin qızıl medal seriyasını dayandırmasına üzüldüyünü deyib: “Təəssüf ki, bu dəfə güləşçilər olimpiadada qızıl medal əldə edə bilmədilər. Amma eybi yoxdur. Əsas odu ki, medallar qazanmağı bacardıq. Bunu bizim üçün yaxşı nəticə adlandırardım”.

Yığmamızın 28 yaşlı lideri il ərzində öz çıxışından tan razı qalmayıb: “Şəxsən mənim üçün 2016-cı il yaxşı başlasa da, amma çox da yaxşı bitmədi. Düzdü, yenə olimpiya medalçısı olmağı bacardım. Amma əfsuslar olsun ki, medalın əyarı qızıl olmadı. İstənilən halda, olimpiya medalı çox dəyərlidi, sevinmək lazımdı. Deməli, idmançı karyeramı bitirməmək üçün səbəb, stimul qalıb. Öz üzərimdə daha çox işləməliyəm”.