şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik"

05.01.2017 11:25 Oxundu 1727

"Roman İosifoviç Qriqorçuk özünü yaxşı mütəxəssis kimi çoxdan təsdiq edib. Ardıcıl iki dəfə "Qəbələ"ni Avroliqanın qrup mərhələsinə çıxarıb. Onu çox güclü baş məşqçi hesab edirəm və düşünürəm ki, Qriqorçukun rəhbərliyi ilə biz bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik". Bu sözləri "Qəbələ"nin xorvatiyalı futbolçusu Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibəsində deyib. Daha sonra "Qəbələ"nin infrastrukturdan söz açıb: "Bizim böyük Avropa klublarında olduğu kimi möhtəşəm bazamız, bir neçə oyun və məşq meydançamız var. Şərait əladır. Futbolçulara isə ancaq hazırlaşmaq və çıxıb qələbə qazanmaq qalır".

Xorvatiya millisinə dəvəti ilə bağlı sualı isə o belə cavablandırıb:"Deyə bilmərəm ki, milliyə çağrıldığımı eşidəndə şoka düşdüm. Çünki mən həmişə belə bir təklif almaq üçün öz üzərimdə çox çalışmışam. Birdən mənə zəng edirlər və belə bir xəbər verirlər. Həqiqətən də çox qürurlandım. Bütün dünya bilir ki, bizim millimiz çox güclüdür və belə bir komandanın içində olmaq mənim üçün şərəfdir".