şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

“Qartallar” “Lokomotiv”lə üz-üzə gələcək

05.01.2017 17:01 Oxundu 1816

“Zirə” Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığa start verib. Komandanız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda bir günlük istirahətə buraxılacaq.

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

Komandamız Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar” ardından Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.