1760
“Belə böyük bir tədbirin Bakıda keçirilməsinə razılıq verdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edirəm. 100 ölkədən 400-ə yaxın nümayəndə gəlib və bu, bütün dünyanı əhatə edən bir seminardı”. Bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün Bakıda cüdo hakimləri və məşqçiləri üçün təşkil edilən seminardan sonra brifinq keçirən federasiya prezidenti bundan məmnunluq duyduğunu söyləyib: “Çalışacağıq ki, qonaqlara Azərbaycanın və onun cüdosunun inkişafda olduğunu göstərək. Çox şadıq ki, cüdonun inkişafı yolunda böyük dəyişikliklər məhz ölkəmizdə baş verəcək. Bu da bizim üçün şərəfdi. Azərbaycanda artıq on minlərlə uşaq cüdo ilə məşğul olmağa başlayıb. Bu idman növü ölkəmizdə populyarlaşıb. Bu populyarlığın nəticəsidi ki, dünya böyükləri bura toplaşırlar. Gələn il ölkəmizdə keçiriləcək dünya çempionatının cüdonun inkişafına böyük təkan verəcəyinə inanıram”.
Abdullayev cüdo üzrə milli komandamızın baş məşqçisi məsələsinə də münasibət bildirib. O, Avstriyada məhkəməsi davam edən baş məşqçi Peter Zayzenbaherlə bağlı hələ qərar vermədiklərini söyləyib. Federasiya prezidenti məhkəmənin yekununu gözlədiklərini vurğulayıb: “Gəlin, bu məsələyə məhkəmə bitdikdən sonra qayıdaq. Hələlik nəsə deməyim doğru olmaz”.
Qeyd edək ki, Bakıda cüdo hakimləri və məşqçiləri üçün seminar öz işinə başlayıb. Seminarda Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak edir.
Onların qısa nitqindən sonra seminar start götürüb. Heydər Əliyev adına İdman Sarayında keçirilən tədbirə 100-dən çox ölkədən 400-ə yaxın qonaq qatılıb. İki gün davam edəcək seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri də yer alır.
Məqsəd hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdı.