2940
"Necə yəni yetişmir? Nazim Süleymanov azərbaycanlı deyil? Qazzayev əngəl törətməsəydi, Nazim Madrid "Real"ında oynayacaqdı. Onu Bakıdan qaçaq saldılar. Getdi və özünü sübut etdi. Vidadi, Yunis, Samir də istedadlıydı. Arif, Tərlan, Vladislav dünya və Avropa çempionu olublar. Azərbaycanlı deyillər? Müstəqilliyimiz ilk illərində heç də onlardan az istedadlı futbolçular üzə çıxarmamışdıq. İndi Rəşad Sadıqov milli karyerasını bitirmək istəyir, bütün AFFA ona psixoloji təzyiq göstərir ki, millidən getməsin. Çünki onun yerində oynayacaq heç kimi hazırlaya bilməyiblər. İşin rahat yolunu tapıblar, bir ucdan "milliləşdirirlər". Təklif edirəm ki, komissiya yaradılsın, araşdırma aparılsın. Azərbaycan qanunları ikili vətəndaşlığa icazə vermir. Eddi İsrafilov İspaniya, Dmitri Nazarov Almaniya pasportundan imtina edibmi? Dağıstandan gətirilənlər artıq Rusiya vətəndaşı sayılmırlarmı? Bunları araşdırmaq lazımdı. "Milliləşdirmə" 2, ya da 3 futbolçu üçün olar. Daha əsas komandada 6 əcnəbini meydana buraxmağın, yeniyetmələrdən ibarət milliyə gəlmələri doldurmağın adı nədi? Rəhmətlik Heydər Əliyevin İsveçrə ilə oyunda stadiona gələcəyindən xəbərsiz idik. Qəfildən gəldi və uşaqlar meydanda can qoydular, onu da qələbəylə sevindirdilər. Prezident İlham Əliyev Avropa çempionatının açılış oyununa getmişdi, əvvəlcədən də buna hazırlıq görülmüşdü. Komandamız onun gözlərinin qarşısında 0:5 hesabıyla uduzdu, özü də heyətdə "milliləşdirilən"lər ola-ola. Bunun hesabatını vermək lazımdı". Bu sözləri AFFA-nın ilk prezidenti Fuad Musayev "Futbol+" qəzetinin: "İddia edirlər ki, Azərbaycanda istedadlı futbolçu yetişmir, bütün üsullara baş vurulub..." sualına cavab verərkən deyib.