şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

FİFA ən yaxşıların adlarını açıqladı: "The Best"i də Ronaldo qazandı

09.01.2017 21:53 Oxundu 2186

Bu gün FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində 2016-cı ilin ən yaxşılarının adları açıqlanıb. Bakı vaxtı ilə saat 21:30-da start götürən tədbirdə 7 mükafatın sahibi bəlli olub. “FİFA Fan mükafatı”nın qalibi müəyyənləşib. Mükafatın sahibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar. “FİFA ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb. “FİFA Feyr-Pley mükafatı”nın sahibi də məlum olub. Builki qalib Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında qalib Klaudio Ranyeri (“Lester”) olub. O, ötən mövsüm İngiltərədə çempionluq qazanmışdı. “FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunub. Qalib isə Mohd Faiz Subri (“Penanq”) olub. “FİFA ən yaxşı qadın futbolçusu” mükafatını isə Çarli Lloyd (ABŞ, “Hyuston”) qazanıb.

Əsas diqqət “FİFA ən yaxşı kişi futbolçusu” mükafatına yönəlib. "France Football" nəşrinin sorğusunda olduğu kimi "The Best" mükafatını da Kriştianu Ronaldo (Portuqaliya, “Real”) qazanıb.

FİFA-nın təşkil etdiyi və ilk dəfə keçirilən “Ən yaxşılar“ mükafatı “Qızıl top“ mükafatına alternativ kimi dəyərləndirilir.