şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

ECA: "FİFA-nın qərarı təəssüf doğurur"

10.01.2017 17:24 Oxundu 2097

Avropa Klubları Assosiasiyası (ECA) dünya çempionatlarında komandaların sayının artırılmasının əleyhinə çıxış edir (Qeyd edək ki, FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasına qərar verilib). ECA-da hesab edirlər ki, bu, yalnız siyasi səbəblərlə bağlı atılan addımdır. Bu barədə qurumun rəsmi saytında məlumat verilib: "Avropa Klubları Assosiasiyası bildirir ki, futbol üzrə dünya çempionatının iştirakçılarının sayının artırılmasının qəti əleyhinədir. Bu qərar idmanla deyil, siyasi səbəblər üzündən qəbul edilib. Bu, təəssüf doğurur". ECA yanvar ayının sonunda İcraiyyə Şurasının iclasında bu yeni formatı və onun nəticələrini ətraflı təhlil edəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, İspaniya Peşəkar Futbol Liqası ali futbol qurumunun yeni qərarı ilə razı deyil.

İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar. Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.