cümə, 16 yanvar 2026

ŞAHMAT

Vüqar Həşimovun xatirəsi anılıb

11.01.2017 13:42 Oxundu 2842

Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatından üç il ötür. Bununla əlaqədar görkəmli şahmatçının xatirəsinə həsr olunan, “ASAN” könüllüləri arasında keçirilən turnirin iştirakçıları, Vüqar Həşimovun yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. Yanvarın 13-dən 14-nə keçən gecə Vüqar Həşimovun cənazəsi Almaniyadan Azərbaycana gətirilib.

1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi. Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Allah rəhmət eləsin.