1750
Sabah Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ”, “Neftçi” və “Kəpəz” də növbəti sınaqlarına çıxacaqlar. Təmsilçilərimizdən ikisi səfərdə mübarizə aparacaqsa, yalnız “Neftçi” doğma azarkeşləri önündə çıxış edəcək. Səfər komandalarımız eyni vaxtda meydana çıxacaqlar. Moldova təmsilçisi “Daçiya” ilə Bakıda qolsuz bərabərə qalan “Kəpəz” bu dəfə Speyada meydana çıxacaq. Tərəflər arasında ilk görüşdə heç kim qol vurmadığından, şansları yarı-yarıya dəyərləndirmək olar. Ancaq meydan amili “Daçiya”nın üstünlüyünü bir qədər artırır. Ancaq səfərdə vurulacaq 1 qolun “Kəpəz” üçün 2-yə bərabər olacağını da qeyd etmək lazımdı. Problem isə ondandı ki, Gəncə təmsilçisi Avroliqada sonuncu dəfə 1999-cu ildə rəqib qapısına yol tapa bilib. Şahin Diniyevin yetirmələri indi həm 17 illik qol həsrətinə son qoymalı, həm də səfər sindromunu qırmalıdılar. Çünki “Kəpəz” indiyə qədər Avrokubokda keçirdiyi 5 səfər görüşünün hamısında məğlubiyyətə düçar olub və qapısından 16 top buraxıb.
“Kəpəz”lə eyni vaxtda Gürcüstanda meydana ayaq basacaq “Qəbələ”nin işi asandı. Buna səbəb “Samtredia” üzərində Bakıda əldə edilən 5:1 hesablı qalibiyyətdi. Bunun sayəsində Avropa Liqasında 8 oyunluq qələbə həsrətinə son qoyan “qırmızı-qaralar”ın mərhələ adlayacağına şübhə yoxdu. Rəqibindən aşkar güclü görünən “Qəbələ” futbolçuları baş məşqçi Roman Qriqorçuka yubiley matçında qələbə hədiyyə etmək istəyirlər. Şimallıların başında 75-ci oyununa çıxacaq ukraynalı mütəxəssis də 35-ci qələbə arzusundadı.
8-ci km qəsəbə stadionunda Malta klubu “Baltsan”ı qəbul edəcək “Neftçi” də II mərhələnin bir addımlığındandı. Səfərdə 2:0 hesablı qələbə qazanan bakılılar cavab qarşılaşmasının favoritidi. 693 günlük qələbə həsrətinə Maltada son qoyan təmsilçimizdən doğma azarkeşlər növbəti qalibiyyəti gözləyir.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
7 iyul
19:00. “Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan)
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Speya. “Speya” stadionu
İlk oyun – 0:0
19:00. “Samtredia” (Gürcüstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə)
Zestafoni. “David Abaşidze” stadionu
İlk oyun – 1:5
20:00. “Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta)
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km qəsəbə stadionu stadionu
İlk oyun – 2:0