2197
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadır. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdır”.
Milan Malatinski (Slovakiya yığmasının baş məşqçisi): “Təbii ki, qələbəyə görə çox sevinirik. Azərbaycan yığma komandasının bəxtinin gətirməməsi fikri ilə razıyam. Rəqbimizin güclü komanda olduğunu düşünürəm və yaxşı futbol oynayıb qələbə qazana bilməmək çox pis təsir edir. Xüsusilə, birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı. Lakin penaltidən yararlana bilmədikdən sonra uşaqlar sanki toparlandılar. Bir daha bildirirəm ki, qələbəyə görə çox şadam”.