1989
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş İran – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Abas Çəmənian (İran yığmasının baş məşqçisi): “Rəqibimizi təbrik edirəm. Azərbaycan – heyətində çox güclü futbolçular olan yaxşı komandadır. Bilirdik ki, bu oyun bizim üçün ağır olacaq. Çünki rəqib futbolçular fiziki baxımdan bizdən güclüdür. Bunu nəzərə alaraq, daha çox pressinqə üstünlük verməyə çalışırdıq. Bu gün çox müdafə olunmaq məcburiyyəti qarşısında qaldıq. Buna görə Azərbaycan yığmasına təşəkkür edirəm. Çünki müdafiəçilərimizi öz mövqeyində təcrübə toplamağa vadar etdilər və bu bizim üçün çox faydalıdır”.
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Nəhayət, turnirdə ilk qələbəmizi qazandıq, hərçənd qrupdakı oyunların üçündə də qalib gəlməliydik. Bu gün əvvəlki oyunlarda olduğu kimi baxımlı oynamadıq. Çoxlu top itkisinə yol verdik, müəyyən epizodlarda qarışıqlıq yaranırdı, amma bütün bunlar anlaşılandır: komanda ardıcıl qələbə qazana bilməyəndə uşaqlarda tərəddüd, inamsızlıq yaranır. Rəqib yaxşı müdafiə olunur və pressinq tətbiq edirdi. Artıq bizim üçün hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir, əsas özünəinamı qaytarıb öz futbolumuzu oynaya bilməkdir”.