1898
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Premyer Liqada çıxış edən klubların və 21 yaşadək futbolçulardan ibarət yığmanın qış təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya bölgəsinə səfəri təxirə düşüb. Bu barədə report-a baş məşqçinin tərcüməçisi Aydın Rüstəmov məlumat verib. O bildirib ki, xorvatiyalı mütəxəssis şəxsi işləri ilə əlaqədar qardaş ölkəyə gedə bilməyib. Hazırda Bakıda olan 48 yaşlı mütəxəssisin Türkiyəyə gedib-getməyəcəyi bilinmir.
Qeyd edək ki, Robert Prosineçkinin Antalyada U-21 yığmasına baxışa dəvət olunan Hollandiyanın "Feyenoord" klubunun türk əsilli futbolçusu Ozan Kökcünün çıxışını da izləməsi nəzərdə tutulmuşdu. Proqrama əsasən, xorvatiyalı mütəxəssis yanvarın 13-də Türkiyəyə yollanmalı idi.