cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Futbolçunun adı terrorçular siyahısına daxil edilib

18.01.2017 18:53 Oxundu 2043

Misirin keçmiş futbolçusu Mohammed Abutrikanın adı terrorçular siyahısına daxil edilib. Bu haqda onun vəkili Mohammed Osman məlumat verib.

Vəkilin sözlərinə görə, Misir məhkəməsi Mohammed Abutrikanı 2013-cü ildə “Müsəlman qardaşları” təşkilatını maliyyələşdirməkdə ittiham edib. O, məhkəmənin qərarına yenidən baxılmasına nail olacaqlarını da vurğulayıb. Keçmiş futbolçu isə şirkəti və ya işgüzar əlaqədə olduğu tərəfdarlarının heç vaxt terrora meylli təşkilatlara himayədarlıq etmədiyini bildirib.

2015-ci ildə ölkədə qəbul olunmuş antiterror qanununa əsasən, adı terrorçular siyahısına daxil edilənlərə səyahət yasaqlanır, onların pasportu müsadirə edilir, bank hesabları isə dondurulur. Həmin vaxtdan misirli futbolçu da bu sanksiyalarla qarşılaşıb.

Qeyd edək ki, Mohammed Abutrika 2012-ci ildə Misirdə keçirilmiş prezident seçkisində “Müsəlman qardaşları”nın namizədi, devrilmiş prezident Məhəmməd Mursini açıq şəkildə dəstəkləyib. Qırx iki yaşlı futbolçu Qahirənin “Əl-Əhli” komandasında çıxış edib, Misir millisinin heyətində iki dəfə (2006 və 2008-ci illər) Afrika Millətlər Kubokunu qazanıb, FIFA versiyası üzrə dəfələrlə dünyanın məşhur futbolçuları siyahısına daxil edilib. Afrikanın tanınmış futbolçularından olan Mohammed Abutrikan 2013-cü ildə karyerasını başa vurub.