şənbə, 19 yanvar 2019

FOTO XƏBƏR

Klublarımız da Şəhidlər Xiyabanını ziyarət etdilər

20.01.2017 14:45

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi yeddi il ötür. "Neftçi” PFK-nın Futbol Akademiyasının üzvləri Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər. Komanda üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, məzarlar önünə gül qoyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“Kəpəz” Peşəkar Futbol Klubunun kollektivi 20 Yanvar faciəsi ilə bağlı Gəncənin Şəhidlər Xiyabanında keçirilən şəhər tədbirində iştirak edib. Anım mərasimində böyük izdiham müşahidə olunub. 27 il əvvəl Bakıda törədilən qətliam Nizami yurdundan da yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə 1 şəhid verib, 1 nəfər şəhər sakini isə yaralanıb. Hər il olduğu kimi, yanvarın 20-də gəncəlilər Şəhidlər Xiyabanına axışaraq Azərbaycanın azadlıq carçılarının xatirəsini anır.Xatırladaq ki, Bakıda hazırlıq keçən “Kəpəz”in əsas komandasının dünən düşərgəsində olan klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu kollektivlə görüşdə 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb, legionerlərə faciə haqda məlumat verib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Antalyada təlim-məşq toplanışını davam etdirən “İnter” 20 Yanvar şəhidlərini yad edib. Komandanın səhər məşqi 1 dəqiqəlik sükutla başlayıb.

"Qarabağ" klubunun futbolçuları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisəyə biganə qalmayıb və öz sosial şəbəkə hesablarından paylaşımlar ediblər. Həmin paylaşımların bir neçəsini təqdim edirik:

Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Antalya şəhərində keçirən “Zirə” hazırlıqları davam etdirir. Komanda bu gün səhər məşqini 20 yanvar şəhidlərini anmaqla başladı. Baş məşqçi Ayxan Abbasov komandaya 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər haqda ətraflı məlumat verdi. Mütəxəssis həmin gecə baş verənlərin qanlı faciə olmaqla yanaşı, bütövlükdə bir xalqın qəhrəmanlıq nümunəsi, azadlıq uğrunda mübarizəsi kimi tarixdə qaldığını dedi. Xalqımız qorxmadan təpədən dırnağa qədər silahlanmış ordunun qarşısına çıxaraq, azadlıq uğrunda canlarını fəda etdi. Həmin gecə 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etmişdi. Baş verənlərin həm də birlik nümunəsi olduğunu diqqətə çatdıran Ayxan Abbasov hər kəsin bundan nümunə götürməli olduğunu dedi.

Oxundu 2593