çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Atası müsəlman olan Zlatan İbrahimoviç (1)

06.07.2016 15:13 Oxundu 2302

Əziz Mustafa

O, müasir dünya futbolunun ulduz futbolçularından biridir və adı həmişə fəxrlə, qürurla çəkilir. O eyni zamanda milyonlarla futbol azarkeşinin sevimlisidir. Meydanda olanda onun qarşısını almaq mümkün deyil. Top ayağında olanda şahin kimi irəli sıçrayır və cəsarətlə rəqib qapısına doğru hücum edir. Dünyanın ən yaxşı müdafiəçiləri belə onun qarşısını almaqda çətinlik çəkirlər. Müasirlərindən birinin də dediyi kimi, bu futbolçu qapıçıların qorxulu röyasıdır. Söhbət İsveç yığmasının və Fransanın "Pari Sen Jermen" klubunun ulduz futbolçusu, müsəlman əsilli Zlatan İbrahimoviçdən gedir. Zlatan İbrahimoviçin futbol həyatı haqqında geniş bəhs etməzdən əvvəl ulduz futbolçunun şöhrət zirvəsində olduğunu göstərən bəzi faktlara diqqəti cəlb etmək istəyirik.

Müsəlman əsilli Zlatan İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999-2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001-2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

İbrahimoviç 2001-ci ildə İsveçin 21 yaşadək milli komandasının heyətində oyunlara çıxıb. 2001-ci ildən İsveçin əsas milli komandasına dəvət olunub. Millinin heyətində 2004, 2008 və 2012-ci illərdə UEFA Avropa Kubokunda, 2002 və 2006-cı illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. İndiyə kimi 101 oyunda meydana çıxıb və 53 qol vurub. O, İsveç milli komandasında 100 oyun həddinə çatan on futbolçudan biridir.

Böyük futbola aparan yol

Zlatan İbrahimoviç 1981-ci il oktybar ayının 3-də İsveçin Malmö şəhərinin Rusenqard rayonunda Bosniya müsəlmanlarından olan Şəfiq İbrahimoviçin ailəsində anadan olub. Şəfiq İbrahimoviç 1977-ci ildə Bosniyanın müsəlmanlar yaşayan Tuzla şəhərini tərk edərək İsveçə köçmüşdü. O burada horvat əsilli Yurka Qraviçlə ailə həyatı qurdu. İbrahimoviçin iki yaşı olanda valideynləri boşandılar. Şəfiq bəy futbol azarkeşi idi və onun futbola məhəbbəti balaca Zlatana da keçmişdi. İbrahimoviç Rusenqardın qaçqınların məskunlaşdığı ərazisində yaşayıb və çox çətin uşaqlıq illəri keçirib. Amma uşaq yaşlarından onda futbola böyük maraq var idi. Altı yaşı olarkən Şefik İbrahimoviç oğluna futbol butsu alaraq onda futbola olan marağı daha da artırıb. Həmin vaxtdan İbrahimoviç futbolla məşğul olmağa başlayıb. Uşaq yaşlarından atasının futbol sevgisini onunla paylaşan Zlatan Balkan ölkərindən olan immiqrantların uşaqlarından təşkil edilən" Balkan" uşaq futbol klubunda oynamağa başladı. Onun olduqca gözəl oyun nümayiş etdirdiyini görən məşqçiləri Zlatanı özündən 2-3 yaş böyük olan futblçularla birgə oynamasını daha məqsədəuyğun hesab etdilər. Bir dəfə meydanda özünü yaxşı aparmadığını görə məşqçi Zlatanı ehtiyat oyunçular sırasında oturdaraq ona oynamağa icazə vermədi. Həmin oyunun birinci hissəsində Zlatanın komandası 0:4 hesabı ilə uduzurdu. Bunu görən məşqçilər məcbur olub Zlatanı meydana buraxdılar. Nəticədə ikinci hissədə rəqib qapısını qol atəşinə tutan Zlatanın komandası 8:4 hesabı ilə qalib gəldi. Rəqib qapısından topların 8-ni də Zlatan keçirdi. Zlatanın 12 yaşı olanda onun futbol istedadı yerli "Malmö" futbol klubunun uşaq futbol məktəbinin məşqçilərinin diqqətini cəlb etdi.

Onu "Malmö" futbol klubunun uşaq futbol məktəbinə dəvət etdilər.

"Malmö"də parlayan ulduz

1995-1999-cu illərdə Zlatan İbrahimoviç "Malmö" futbol klubunun gənclərdən ibarət komandasında oynadı. 1999-cu ildə 18 yaşında Zlatana "Malmö" klubunun əsas heyətində çıxış etməyə icazə verdilər. O həmin il 6 oyunda əsas heyətdə meydana çıxdı və rəqib qapısından bir top keçirdi. Amma "Malmö" güclülər dəstəsini tərk edərək aşağı diviziona düşdü. Aşağı divizionda bu komandanın heyətində 2000-ci ildə Zlatan İbrahimoviç 12 qol vurdu. Məhz Zlatanın vurduğu qollar

nəticəsində "Malmö" yenidən güclülər dəstəsinə qayıtdı. Zlatanın böyük futbol istedadnı görən və onun gələcəyin ulduz futbolçusu olduğunu uzaqgörənliklə müəyyən edən İngiltərənin "Arsenal" futbol klubunun baş məşqçisi Arsen Venqer onu Londona dəvət etdi. Zlatan İbrahimoviç bu komanda ilə bir müddət məşq etsə də, "Arsenal" rəhbərliyi onunla müqavilə imzalamaqda tərəddüd edirdi. Bunu görən Zlatan İbrahimoviç geriyə- vətənə qayıtdı. Lakin futbolçunun istedadı və göstərdiyi yüksək səviyyəli futbol Avropanın aparıcı futbol klublarının da diqqətini artıq özünə cəlb etmişdi. Bu arada onunla Hollandiyanın "Ayaks" komandası maraqlanmağa başladı.

"Ayaks"ın baş məşqçisi Leo Beenhakker İbrahimoviçin oyun üslubunu çox bəyənmişdi. Yeri gəlmişkən onu da deyək ki, "Ayaks"dan əlavə həmin dövrdə Zlatan İbrahimoviçlə Fransanın "Monako" və İtaliyanın "Roma" klubları da yaxından maraqlanır, onun transferini istəyirdilər. Lakin bu məsələdə "Ayaks" daha cəld tərpənərək Zlatan İbrahimoviçin transferini reallaşdırır. Zlatan İbrahimoviçin "Ayaks"a "Malmö"dən transferi 7,8 milyon avroya ( 80 milyon İsveç frankına) başa gəlir. İyul ayında İbrahimoviçin "Ayaks"a keçidi barədə müvafiq anlaşma imzalanır və o, rəsmən Hollandiya klubunun oyunçusu olur. Bununla bağlı keçirilən mətbuat konfransında Zlatan İbrahimoviç demişdi: "Mənim hələ 15 yaşım olanda Amsterdamda gənclər arasında keçirilən turnirdə çıxış etmişdim. "Ayaks" haqqında çox şey eşitmişdim. Bu komanda dünyanın güclü futbol klublarındandır. Mən "Ayaks"da oynamağı çoxdan arzulayırdım".

"Ayaks"ın heyətində ilk oyunlardan Zlatan yüksək səviyəli oyun nümayiş etdirməyə başladı. O, bu komandanın keçirdiy 6 yoldaşlıq oyununda meydana çıxdı və rəqib qapılarından 18 top keçirdi. UEFA yarışlarında karyerasında ilk qolunu 20 sentyabr 2001-ci ildə UEFA Kubokunun birinci dövrəsində "Ayaks"ın heyətində oyunun 4-cü dəqiqəsində Cənubi Kiprin "Apollon Limassol" klubunun qapısına vurub. Hollandiya komandasının heyətində Zlatan İbrahimoviç avqust ayının 8-də Çempionlar Liqası çərçivəsində keçirilən "Seltik"lə oyunda 46-cı dəqiqədə meydana çıxdı. Amma "Ayaks" həmin oyunda "Seltik"ə 1:3 hesabı ilə məğlub oldu. Hollandiya çempinatı çərçivəsində isə ilk oyununa Zlatan "Rode" ilə oyunda çıxdı. O növbəti oyunda "Feyenoord"la görüşdə rəqib qapısından top keçirərək çempionatda qol hesabını açdı. Amma həmin il sentyabr ayının 30-də "Qroningen"lə oyunda rəqibə qarşı kobud oynadığına və ona zərbə endirdiynə görə İbrahimoviçə 5 oyunda meydana çıxmamaq cəzası verildi. 2001-2002-ci illərdə "Ayaks" Hollandiya çempionu oldu. Zlatan İbrahimoviç

17 sentyabr 2002-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın "Lyon" klubu ilə oyunda meydana çıxıb, oyunun 11 və 34-cü dəqiqələrində qol vuraraq komandasına qələbə qazandırıb. Həmin il "Ayaks" Çempionlar liqasında dördə bir final oyununada "Milan"a minimal hesabla uduzaraq mübarizəni dayandırdı. Hollandiya çempionatında isə "Ayaks" PSV-ni özündən irəli buraxaraq ikinci oldu. 2003-204-cü illərdə "Ayaks" yenidən Hollandiya çemponu titulunu özünə qaytardı.

2003-cü il sentyabr ayının 16-da "Milan"la oyunda rəqib komandanın yarımmüdafiəçisi Qattuzo İbrahimoviçin sifətinə zərbə endirdiyinə görə meydandan qovuldu. UEFA Çempionlar Liqasının 2003-2004 mövsümünün təsnifat mərhələ oyunlarında o meydana çıxıb. Qrup mərhələsində 22 oktyabr 2003-cü ildə İspaniyanın "Selta da Viqo" klubu ilə qarşılaşmada 53-cü dəqiqədə qol vuraraq "Ayaks"a 1-0 hesablı qələbə qazandırıb. Ancaq "Ayaks" Zlatan İbrahimoviçin bütün səylərinə baxmayaraq, qrup mərhələsini adlaya bilmədi. 2004-cü il avqust ayının 22-də Zlatan İbrahimoviçin "Bredı" komandasının qapısına vurduğu qol "Evrosport" telekanalı tərəfindən ən yaxşı qol elan edildi. Həmin qolu vurmazdan əvvəl Zlatan İbrahimoviç rəqib komandanın oyunçularının yarısını, o cümlədən qapıçını da aldadaraq qapıya top vurmuşdu. 3 il "Ayaks"da oynadığı müddətdə Zlatan İbrahimoviç iki dəfə Hollandiya çempionu titulunu qazandı, bir dəfə Hollandiya kubokunun sahibi oldu. O, 3 ildə rəqib qapılarından 38 top keçirdi.

"Yuventus"a transfer

31 avqust 2004-cü ildə "transfer pəncərəsi"nin sonuncu günündə Zlatan 19 milyon avroya "Ayaks"dan "Yuventus"a keçib. İbrahimoviç tezliklə əsas heyət üzvünə çevrildi, bu, onun karyerasında irəliyə atılmış böyük addım idi. Yuventusun əsas hücumçusu olan David Trezegenin zədələnməsi onu Fabio Kapellonun sevimli oyunçularından biri etdi. Kapello hələ "Roma"da çalışarkən də İbrahimoviçin komandasına gəlməsi üçün cəhd etmişdi.

12 sentyabr 2004-cü ildə "Yuventus"un heyətində ilk oyununa çıxır. İtaliya A Seriyasının ilk turunda "Breskia" klubu ilə qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olur və 69-cu dəqiqədə qol vurur. Bu, onun "Yuventus" karyerasında ilk qolu olur. 25 sentyabrda İtaliya A Seriyasının dördüncü turunda "Palermo" ilə qarşılaşmada 54-cü dəqiqədə hesabı 1-1 edərək Yuventusu məğlubiyyətdən xilas edib. 5 dekabrda Latsio ilə oyunda 75-ci dəqiqədə qol vuraraq hesabı "Yuventus"un xeyrinə 2-1 edib, oyun bu hesabla başa çatıb.

9 aprel 2005-ci ildə İtaliya A Seriyasının otuzuncu turunda "Fiorentina" klubu ilə qarşılaşmada 60 və 82-ci dəqiqələrdə qol vuraraq dubl edib, oyun 3-3 hesabı ilə başa çatıb. 17 apreldə otuz birinci turda "Lecce" ilə qarşılaşma İbrahimoviç üçün əlamətdar olub, bu oyunda o, oyunun 34, 43 və 82-ci dəqiqələrdə het-trik edib.

2004-2005 mövsümündə UEFA Çempionlar Liqasında "Yuventus"un heyətində qrup mərhələsinin oyunlarında meydana çıxıb. Həmçinin 1/8 və 1/4 final oyunlarında da meydanda olub. Bu turnirdəki oyunlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb. İbrahimoviç mövsümün sonunda "Yuventus" ilə İtaliya A Seriyası çempionluğunu əldə edib.

2004-2005 mövsümünün sonunda "Yuventus" İspaniyanın güclü komandalarından olan "Real Madrid"in Zlatan İbrahimoviç üçün 70 milyonluq təklifini qəbul etmədi. İbrahimoviç həmin mövsüm "Yuventus" fanatları tərəfindən ilin oyunçusu seçildi.

Növbəti mövsüm Zlatan bir sıra çətinliklərlə üzləşdi. 2005-2006 mövsümünün payızında az qol vurmağa başladı və daha çox məhsuldar ötürmələrlə yadda qaldı. Məhsuldarlığı azaltmasına baxmayaraq, Zlatan yenə də komandası üçün vacib qollar vururdu. 19 noyabr 2005-ci ildə İtaliya A Seriyasının 12-ci turunda "Roma" ilə qarşılaşmada 58-ci dəqiqədə oyunda ikinci qolu vurub, 63-cü dəqiqədə isə David Trezegenin vurduğu qolun ötürməsini edib, oyun 1-4 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb. 8 fevral 2006-cı ildə "Parma" ilə ölkə çempionatının 24-cü tur oyununda 44-cü dəqiqədə qol vuraraq hesabı 1-1 edib, "Yuventus"u məğlubiyyətdən xilas edib.

Zlatan İbrahimoviç Yuventusun heyətində UEFA Çempionlar Liqasının 2005-2006 mövsümünün oyunlarında iştirak edib. 7 dekabr 2005-ci ildə Avstriyanın "Rapid" klubu ilə qrup mərhələsinin oyununda 41-ci dəqiqədə qol vuraraq hesabı 0-2 edib, 45-ci dəqiqədə isə Alessandro Del Piyeronun vurduğu qolun ötürməsini edib.

Yazda İbrahimoviçin formadan düşdüyünə görə həm İtaliyada, həm də İsveçdə azarkeşlər və jurnalistlər tərəfindən tənqidlər artmağa başladı. Heyətdə Alessandro del Pieroya üstünlük verildi. Buna baxmayaraq İbrahimoviç heyətdə yerini qoruyub saxlaya bildi. "Yuventus"un heyətində ardıcıl ikinci dəfə İtaliya çempionluğunu qazandı.

2006-cı ilin yayında Lusiano Moqqinin təşəbbüsü ilə yüksək fırıldaqçılığa görə "Yuventus"un son iki ölkə çempionatının qalibi titulu əlindən alındı və komanda İtaliya B Seriyasına göndərildi. Yeni rəhbərlik Zlatanı və başqa ulduz futbolçuları heyətdə saxlamaq istədi. Amma Zlatan və onun şəxsi agenti qətiyyətlə klubdan getməyə qərar verdilər.