2289
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. Görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, prezidentin Fəxri Diplomu ilə təltif edilən Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Gənclərlə görüş təklifini böyük sevinclə qəbul etdiyini deyən Firdovsi Umudov bu gün Azərbaycanda vətənpərvər gənc nəslin yetişməsinin ölkəmiz üçün qürurverici hal olduğunu deyib.
Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib. Baş məşqçi vurğulayıb ki, məhz dövlətin dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları günü-gündən artır, ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir.