cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Bursa"nın Prosineçki sevdası baş tutmadı

25.01.2017 15:14 Oxundu 2156

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin durumuna aydınlıq gəlib. "apasport" xəbər verir ki, “bursasporum.com” saytı xorvatiyalı mütəxəssisin Türkiyəyə yollanmayacağını yazıb. Məlumatda qeyd edilir ki, “Bursaspor”la anlaşan Prosineçki bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb və istəyini ona çatdırıb. Lakin Abdullayev bu keçidə razılıq verməyib. Həmkarlarımız onu da vurğulayıblar ki, Prosineçkinin Azərbaycan millisi ilə müqaviləsini araşdıran “Bursaspor” klubunun vəkilləri onun təzminat haqqının 2 milyon avro olduğunu üzə çıxarıblar. Millimizlə birlikdə “Bursaspor”u da çalışdırmaq variantı isə Superliqa təmsilçisinin prezidenti Ali Ayı qane etməyib. Baş verənlərdən məyus olan Prosineçki “ağ-yaşıllar”a “yox” cavabını verməli olub. Hazırda Bakıda olan klub rəsmiləri Yüksəl Çolak və Hüseyin Gedik danışıqlarla bağlı geniş raportu Türkiyəyə qayıtdıqdan sonra prezidentə təqdim edəcəklər.

Məsələ ilə bağlı ajansspor.com saytına danışan Prosineçkinin təmsilçisi Yaşar Çalışır da keçidin baş tutmadığını təsdiqləyib: “Təəssüf ki, danışıqlar müsbət nəticələnmədi. Prosineçkinin bu ilin dekabr ayına qədər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə müqaviləsi var. Birincisi, AFFA onu göndərmək istəmədi. İkincisi isə ayrılacağı təqdirdə, klub 2 milyon avro təzminat haqqı ödəməli idi. Mən martda Almaniya ilə keçiriləcək seçmə mərhələ oyununa qədər onun hər iki komandanı çalışdırmasını təklif etdim. Ancaq nə AFFA, nə də “Bursaspor” rəhbərliyi bunu qəbul etdi. Halbuki, Prosineçki “Bursaspor”da işləməyi çox istəyirdi. “Bursaspor” da bu keçidi arzulayırdı. Lakin istədiyimiz nəticə hasil olmadı”.