cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Reynaldo: "Burada yaxşı işlər görməyə gəlmişəm"

27.01.2017 20:43 Oxundu 2005

"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor"a keçidi rəsmiləşib. Klubun yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.İmzalanma mərasimindən sonra Reynaldo bildirib: "Adanaspor"da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda yaşadım. Türkiyəyə mənə yad deyil. İkisi də qardaş ölkədir. Burada yaxşı işlər görməyə gəlmişəm. Klub prezidenti Bayram Akgül və bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

"Qarabağ" futbol klubu da ona uğurlar diləyərək saytında yazıb:

"Futbolçumuz Reynaldo Silvanın Türkiyənin “Adanaspor” klubuyla danışıqlar aparmaq üçün qonşu ölkəyə yollandığı barədə xəbər vermişdik. Qış transfer dönəmində bir neçə klublar futbolçumuz Reynaldo Silvanın transferi ilə yaxından maraqlansa da, Türkiyə klubu “Adanaspor” bu transferdə daha istəkli olub.

“Adanaspor” klub rəhbərliyinin israrları nəticəsində hər iki klub arasında razılıq əldə olunub, futbolçu ilə Türkiyə klubu arasında bu gün razılıq əldə olunub və tərəflər arasında 2.5 illik müqavilə imzalayıb.

2013-cü ilin qış transfer pəncərəsində Belçikanın “Anderlext” klubundan “Qarabağ”ımıza transfer olunan Reynaldo Silva komandamızın heyətində 134 matç keçirib və 61 qolla yadda qalıb. Reynaldo Silva komandamızla 3 dəfə Premyer Liqanın qalibi, iki dəfə isə ölkə kubokunun qızıl medallarını qazanıb. Reynaldo 2013/14-cü illər mövsümündə Azərbaycan çempionatının ən sərrast futboluçusu olub, həmçinin hücumçu Azərbaycan klubları avrokuboklarında ən çox qol vuran futbolçudur (11 qol). Reynaldo həmçinin “Qarabağ”ımızda ən çox qol vuran legioner futbolçu ünvanına da sahibdir.

Futbolçumuza komandamızda göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".