1910
Xəbər verdiyimi kimi, Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonrakı ilk matçda "İnter"in qonağı olan gəncəlilər böyükhesablı məğlubiyyətə (1:4) düçar olublar. Matçdan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib ki, "Kəpəz" ən zəif oyununu oynadı. Üstəlik, belə bir etiraf da edib: "Kəpəz"də olduğum müddətdə belə məğlubiyyət almamışdım". O bu məğlubiyyətin səbəbini isə digər amillərlə əlaqələndirməyib: "Səbəbi özündə axtarmasan, bunu tapa bilməyəcəksən. Hakimdə, havada axtarmaq lazım deyil. Reallığı qəbul etmək lazımdır".
"Rəhbərliyin bugünkü oyuna görə sizi qınamağa haqqı varmı?" sualına isə o belə cavab verib: "Əlbəttə. Hətta süpürgəçinin də haqqı var. Futbol üçün göstərdiyimiz oyun cinayətdir. Bəlkə də, yüklənmə oldu, komanda getdikcə düzələcək. Bəlkələr çoxdu. Mən də rəhbərlik olsam, narazı qalaram. O ki qaldı istefa şüarlarına... Bugünkü oyuna görə istefaya səsləmələri normaldı. Futbolçunu yox, məşqçini istefaya səsləyərlər. Bugünkü oyuna görə də istefaya səsləməsələr, buna pis baxaram".