2179
Vaxtilə futbolçu indi isə məşqçi kimi “Kəpəz”in uğurları üçün çalışan Vidadi Rzayev və Vasif Vəliyev A kateqoriyasına layiq görülüb. UEFA-nın müvafiq məşqçi kurslarına qatılan hər iki mütəxəssis imtahanların nəticəsinə əsasən, kateqoriyasını daha bir pillə artırıb.
Təxminən 10 il öncəyə kimi məşqçilər üçün kateqoriya almaq məsələsi bir o qədər aktual olmasa da, müasir dövrdə bu, futbolun əsas tələblərindən biridir. Peşəkar futbolda lisenziyasız məşqçi kimi fəaliyyət göstərmək demək olar ki, mümkünsüzdü. Hər iki məşqçi A kateqoriyası alması ilə bağlı açıqlama verib:
Vidadi Rzayev: “Bu yaşda oxumaq çətin oldu. Şükürlər olsun ki, sınaqdan üzü ağ çıxdıq, imtahanları alman mütəxəssis götürdü. Arzulayıram ki, bunun davamı gəlsin və PRO alaq. Onu deyim ki, öyrəniləsi çox şey var. Kursda oyun məşqləri, analizləri, bərpa müddətləri və digər məsələlər ön planda idi. Yeniliklər çoxdur, futbol daim inkişaf edir. Ona görə də bunların hamısını bilmək lazımdır. Bu gün oxumaq, öyrənmək vacibdir. Futbol oynamaq ayrı, məşqçilik tamam başqa işdir. Sonda bizə hərtərəfli dəstək olan klub rəhbərliyinə də minnətdarlığımı bildirirəm”.
Vasif Vəliyev: “AFFA-nın təşkil etdiyi kateqoriya kursları birbaşa məşqçilərin savadının artırılmasına xidmət edir ki, bu da müsbət haldır. Odur ki, qurumun bu yöndə fəaliyyətini yüksək qiymətləndirirəm. Məşqçilər kateqoriyalarını artırdıqca, futbol görüşləri də yüksəlir. Bizim də məqsədimiz öyrəndiklərimizi gənc futbolçularla bölüşmək, bildiklərimizi onlara öyrətməkdir. Yetirmələrimizin daha güclü, səviyyəli oyunçu kimi yetişməsinə kömək etməyə çalışacağıq”.
Qeyd edək ki, 4 mərhələdən ibarət olan A kateqoriyalı kurslar fasilələrlə 2 ay davam davam edib. Məşqçilər 3 ildən sonra lisenziyalarını yeniləməlidirlər.