2052
İranın Xarici İşlər Nazirliyi (XİN) fevralın 16-17-də Kirmanşah şəhərində keçiriləcək güləş üzrə dünya kubokunda ABŞ yığmasının iştirakına qarşı çıxıb. azərtac-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın XİN rəsmisi Bəhram Qasemi deyib. Onun sözlərinə görə, bu məsələyə İranın xarici siyasət idarəsinin xüsusi komitəsində baxılıb və nəticədə qurum amerikalı idmançıların ölkəyə gəlişinə qarşı çıxıb. Məlum olub ki, həmin məsələyə baxılarkən yeni ABŞ administrasiyasının İran siyasəti xüsusi nəzərdən keçirilib. Bura prezident Donald Trampın miqrasiya siyasətinin məhdudlaşdırılması və üç ay müddətində yeddi müsəlman ölkəsi, o cümlədən İrandan olan vətəndaşlarin Amerikaya gedişinə qadağa məsələləri də daxil edilib.
İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, bu, ölkə vətəndaşlarına qoyulan qadağanın simmetrik cavabıdır. Qeyd olunub ki, Amerika hökumətinin Birləşmiş Ştatlara müsəlmanların səyahətinə dair qadağa qərarı İslam dünyası və İran millətinə qarşı təhqiramız addımdır. Buna cavab olaraq İran hökuməti isə vətəndaşlarının marağı və hüquqlarının qorunması baxımından bütün hüquqi və siyasi addımlara əl atacaq.