2052
"Çelsi"nin baş məşqçisi Antonio Konte futbolçu karyerasını bitirmiş Frenk Lempardla bağlı fikirlərini bölüşüb. O deyib: "Çox heyif ki, belə böyük oyunçu futbolçu karyerasını başa vurdu. Çox güclü oyunçu itirirdik. Bundan bütün futbol dünyası məyusdur. Frenk bu klubun əfsanəsi idi. O, burada 13 il çıxış edib, yığmanın heyətində isə 100-dən çox oyun keçirib. Mən onun nailiyyətlərinə çox hörmət edirəm. Doğrudur, mən onu çox yaxşı tanımıram, amma amma onun haqqında çox yaxşı şeylər eşitmişəm. Biz onun qərarına hörmətlə yanaşmalıyıq. Hər bir futbolçu karyerasını nə zaman bitirmək lazım olduğunu yaxşı bilir".
Qeyd edək ki, bir neçə gün öncə "Çelsi" klubunun və İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Frenk Lempard 38 yaşında oyunçu karyerasını başa vurduğunu rəsmi elan edib. F. Lempard 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə ölkə kubokunu və 1 dəfə Çempionlar Liqasını qazanıb. O, İngiltərə yığmasında 106 oyun keçirib və 29 qol vurub. F. Lempard "Çelsi"nin bütün dövrlərinin ən yaxşı bombardiridir. Onun hesabında 648 matçda 211 qol var. F. Lempard qeyd edib ki, 21 heyrətamiz ildən sonra peşəkar karyeranı başa vurmağın əsl vaxtıdır: "İngiltərə və xaricdə karyeramı davam etdirmək üçün bir neçə təklif alsam da, hiss edirəm ki, həyatımda yeni səhifə açmağın vaxtı çatıb". F. Lempard karyerasına "Vest Hem Yunayted"də başlayıb. 2001-ci ildə "Çelsi"yə keçərək orada 13 il top qovub. 2014-2015-ci illərdə "Mançester Siti"nin heyətində çıxış edib, sonuncu klubu isə "Nyu-York Siti" olub.