cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Azad Rəhimov: “Futbol turnirində 8 komanda çıxış edəcək"

06.02.2017 11:07 Oxundu 2047

Bu il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının hansı komandalar arasında keçiriləcəyinə aydınlıq gəlib. Bu barədə məlumatı BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov verib. O bildirib ki, turnirdə iştirak üçün 23 yaşadək futbolçulardan ibarət komandalar ölkəmizə təşrif buyuracaq. Rəhimov, həmçinin yarışda 8 komandanın mübarizə aparacağını da sözlərinə əlavə edib: “Futbol turnirində 8 komanda çıxış edəcək. Onlar əsas millilər deyil, U-23-lər olacaq. Əsasnamədə bu cür əksini tapıb. Yekun siyahı hələlik dəqiqləşdirilir”.

Qeyd edək ki, fevralın 6-da BP şirkəti ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb. Sazişi gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.