1945
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək. İkinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil ediləcək. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirəcək. “Bakı Marafonu-2017” ötən il olduğu kimi, Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Qeyd edək ki, ötən il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Bu il keçiriləcək yarımarafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.