cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Lopeteqi: "Millinin qapısı Kasilyasın üzünə bağlanmayıb"

07.02.2017 07:24 Oxundu 2029

"Portu"nun qapıçısı İker Kasilyasın İspaniya millisinə qayıdıb-qayıtmayacağı gündəmdən düşmür. Komandanın baş məşqçisi Hulen Lopeteqi deyib ki, "Real"ın sabiq qapıçısı Kasilyası siyahısında hələ çıxarmayıb: "Bəli, mən Kasilyasla söhbət etmişəm. Bunu iki dost arasındakı söhbət kimi də dəyərləndirmək olar. O mənim oyunçum olub və mən onunla danışmalı idim. Mən Kasilyasa öz qərarımı açıqladım. Bildirdim ki, İspaniya millisinin qapısı sənin üzünə bağlanmayıb. Bu fikrim digər oyunçulara da aiddir".

Qeyd edək ki, Avro-2016-dan sonra komandaya rəhbərlik edən Lopeteqi onu milliyə dəvət etməyib. Bu yaxınlarda Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas İspaniya mətbuatında milli karyerasını bitirib-bitirməməyinə belə aydınlıq gətirmişdi: "Millidən getdiyimi deməmişəm. Sadəcə, baş məşqçi David de Xeaya üstünlük verir. Onun seçiminə hörmətlə yanaşıram. Amma həmişə yığmaya kömək etməyə hazıram. Mənə nə vaxt ehtiyac duyulsa, millidə çıxış edərəm. Bunun üçün klubda stabil oyun göstərmək lazımdır".

Məlumat üçün bildirək ki, Kasilyas karyerası ərzində "Real"la 725, İspaniya millisi ilə 167, "Porto" ilə isə 68 rəsmi matça çıxıb. Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub. O, bu göstəricidə "Atletik", "Barselona" və "Valensiya"nın keçmiş qolkiperi Andoni Subisarettanı geridə qoyub.