cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

500 mindən artıq biletin satışa çıxarılması nəzərdə tutulur

07.02.2017 13:26 Oxundu 1899

Martın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılacaq. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə təklif edəcək. Biletlərin qiyməti 2-5 manatdır. On altı yaşadək uşaqlar 13 idman arenasında yarışları pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq. Oyunlarda idmanın 20 növü üzrə 500 mindən artıq biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov mötəbər yarışlara 100 gündən də az bir vaxt qaldığı bu müddətdə görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhaliyə unudulmaz idman tədbirini nümayiş etdirməkdir.