cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

"Böyük Dəbilqə"dən öncə...

11.02.2017 09:12 Oxundu 1674

Bu gün Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri start götürür. Azərbaycanı bu yarışda 5 çəkidə 7 cüdoçu ilə təmsil olunur. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

İlk yarış günündə 60 kq çəki dərəcəsindəki Orxan Səfərov 1/16 finalda cənubi koreyalı İn Hyuk Çoyla qarşılaşacaq. 66 kq çəkidə yer alan Nicat Şıxəlizadə eyni mərhələdə Daqa Qinq (Çin) - Honq Nin Mak (Honq Konq) görüşünün qalibi ilə üz-üzə gələcək. 73 kq-da Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov 1/16 finalda Yeldos Jumaxanov (Qazaxıstan) - Matyö Littl Lebreton (Fransa) cütünün qalibinə rəqib olacaq. Eyni çəkidəki Hidayət Heydərov isə honq konqlu Kvok Uinq Li ilə qüvvəsini sınayacaq.

Fevralın 12-də isə daha 3 cüdoçu tatami üzərinə çıxacaq. 100 kq çəkidə "Rio-2016"nın gümüş mükafatçısı Elmar Qasımov portuqaliyalı Jorje Fonseka, dünya çempionu Elxan Məmmədov Sedrik Olivar (Fransa) - Kentara İida (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə cənubi koreyalı Kyeonqtae Kimlə üz-üzə gələcək. Qeyd edək ki, "Böyük Dəbilqə"də 61 ölkədən 412 cüdoçu mübarizə aparacaq.

Dünən "Böyük dəbilqə" beynəlxalq turniri ərəfəsində bu şəhərdəki Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin əsas məqsədi beynəlxalq turnir ərəfəsində dünya cüdo ailəsinin üzvlərini bir araya gətirmək olub.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iştirakçıları salamlayıb, SOCAR-a, Azərbaycan Cüdo Federasiyasına dəstəyə görə təşəkkür edib. O, həmçinin Fransa Cüdo Federasiyasına cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin təşkilinə görə minnətdarlığını bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib.