1827
"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının 1/8 finalının ilk oyununda komandasının "PSJ"-yə məğlubiyyətinin qanunauyğun hal kimi dəyərləndirib. Qeyd edək PSJ Parisdə "Barselona"nın qapısından 4 cavabsız qol keçirib. O deyib: "Bizim üçün çox uğursuz gün oldu, səhvlərimiz bizə baha başa gəldi. Hansı ki futbolda belə səhvlər bağışlanılmır. Bu oyunda biz müsbət heç nə ilə yadda qalmadıq. Rəqib hər cəhətdən "Barselona"nı üstələdi. Və bunun izahı yoxdur. İndi bizə yalnız cavab oyunundan sərfedici hesabla ayrılmaq qalır ki, bu barədə də düşünmək lazımdır".
Yeri gəlmişkən, onu da deyək ki, oyundan sonra "Barsa"nın baş məşqçisi Luis Enrike əsəblərinə hakim ola bilməyib və hətta ona sual verən jurnalistin üzərinə atılmaq istəyib. Belə ki, TV3 kanalının əməkdaşı Xordi Qraunun taktika ilə bağlı verdiyi sual ispaniyalı çalışdırıcını qəzəbləndirib. Jurnalistin üstünə şığıyan Enrikenin qarşısını 3 nəfər güclə kəsib. “Barsa”nın çalışdırıcısı “Mənə toxunmayın. Görərik, qələbə qazandığımız oyundan sonra da sən bu tonla danışacaqsan?” deyib.