4658
Uşaqlıqdan idmana, futbola marağı olub. 1960-cı ildən 1982-ci ilə qədər futbol oynayıb. 1982-1990-cı illərdə Qubanın “Şahdağ” futbol klubunda baş məşqçi, məşqçi-oyunçu kimi fəaliyyət göstərib. 1990-cı illər ərəfəsində baş verən məlum hadisələrlə əlaqədar bir müddət futboldan uzaqlaşıb. 1995-2001-ci ilə qədər “Şahdağ”ı bərpa edib. Klubun rəhbəri, himayədarı olub.
O, 1979-cu ildə yeniyetmələr arasında keçirilən “Dəri” kuboku üzrə SSR-i kubokunun qalibi “Şahdağ” klubunun bütün xərclərini qarşılayan və klubun yaşamasında böyük əməyi olan insan olub. 1984-85-ci ildə baş məşqçisi olduğu “Şahdağ” Azərbaycan çempionatında II yeri tutub. 2001-ci ildə isə həvəskarlar liqasında da “Şahdağ” II yer tutub. Məhz oyun tərzinə görə onu SSRİ-nin məşhur futbolçusu olan Bobrov Vsevolod Mixayloviçə bənzədiblər.
... Aprel ayının əvvəli Qubada böyük nüfuza sahib, ölkəmizin futbol aləminin də yaxından tanıdığı, xeyriyyəçi, fəal ictimaiyyətçi, el ağsaqqalı, böyük ruhu ilə özünəməxsus mübarizə xətti, Qubada futbolun inkişafında böyük əməyi olan 70 yaşlı “Bobrov” ləqəbli Rafiq Ələkbərovun vəfatı xəbəri bir çoxları kimi məni də üzdü. Onun adını çox eşitmişdim, sözsüz ki, görüşüb söhbətləşmək də istəmişdim, nə yaxşı ki, vəfatından 2 ay əvvəl onunla görüşə bildik. Amma o özü haqqında çox danışmağı xoşlamırdı. Zarafatla, sağalıb futbol oynayacağı barədə də ümidli danışdı. Amma ömür vəfa etmədi. Sözün düzü, onun tam həqiqi kimliyini elə vəfatından sonra bilmişəm.
Əlbəttə, Qubada “Bobrov” Rafiqi tanımayan, ən azından adını-sorağını eşitməyən az adam olar. Onun tanınması yaşatmaq ideyasından irəli gəlib. İnsanlıq üçün inandığı yaşatma mübarizəsinə görə, ona inananların əhatəsini genişləndirərək, bu mübarizəyə cəlb edib. Çünki o, həmişə öndə olub, onunla bərabər nə qədər adam böyük ruh yüksəkliyi, coşqu ilə arxasınca gedib.
... Bu dəfə də o, öndə gedirdi, amma bu dəfə daha sakit - ruhunu Allaha təslim etmiş, cənazəsi camaatın əlləri üstə. Sakit mənzərəni yalnız oxunan dualar müşayiət edirdi. Sanki “Bobrov”un vəfatını o izdiham həzm edə bilmirdi.
Rafiq Ələkbərov haqqında ötən müddətdə xeyli məlumat əldə edə bildik. Futbol aləmindən tutmuş sadə əhaliyə, siyasət aləmindən tutmuş sosial-ictimai fəalların bir çoxu onunla bağlı fikirlərini bizimlə bölüşdü.
“Hər il “Bobrov”un xatirəsinə həsr olunmuş turnir keçirilsin”
Vahid Əhmədov (millət vəkili): “Bobrov” hörmət etdiyim, xətrini əziz tutduğum mərd insan olub. Onu 2005-ci il parlamentə seçkilər ərəfəsindən daha yaxından tanımışam. Sözü bütöv, işini bilən, kifayət qədər hörmət etdiyim adam idi. Vətənini, millətini sevən, el-obası üçün hər cür fədakarlıq edən şəxs olub. Ona böyük hörmət olub. Allah ruhunu şad etsin!”.
Akif Əliyev (AFFA-nın hakim-inspektoru, Qubanın və Qusarın “Şahdağ” futbol klubunun sabiq komanda rəisi): “Quba futbolunu “Bobrov”suz təsəvvür etmək olmur. Elə bir ərəfə olub ki, yaşla bağlı “Bobrov” aktiv futboldan kənarda qalmalı olub. Bununla belə, o, maddi-mənəvi köməyini əsirgəməyib. 1979-cu ildə SSRİ dövründə ən məşhur kubok olan “Dəri” kubokunu “Şahdağ” qazanmışdı. Həmin vaxt Rafiq Rusiyada yaşayırdı və final oyununa gəlib çıxmışdı. O, həmin vaxtlar ticarətdə idi və komandanın, demək olar ki, bütün xərclərini o qarşılamışdı. Onun mənim hakim kimi yetişməyimdə əməyi çox olub. O, ictimai həyatda da fəal olub”.
Əfqan İsmayılov (ziyalı): “Rafiq Ələkbərov gənclik illərindən Qubada yaxşı futbolçu kimi tanınıb. Canını qoyurdu Quba futbolu üçün. Onun yoldaşlığı da çox dürüst, şəffaf, ədalətli olub. Rusiyanın bir neçə şəhərində - İrkutsk, Samara - onun böyük nüfuzu var idi. Hətta Qubadan da ora neçə nəfəri apararaq işlə təmin edirdi.
Rüstəm Rəhimov (ümumittifaq dərəcəli hakim): “Qubada bir neçə mahir futbolçu (Vəliyullah Qasımov, Xosrov və Aydın Babayevlər) olub ki, onlardan biri də Rafiq Ələkbərovdur. Demək olar ki, öz vəsaiti hesabına komandanı saxlayıb. Belə insanlar nadir hallarda olar. Təklif edərdim ki, hər il məhz “Bobrov”un xatirəsinə həsr olunmuş turnir keçirilsin və veteran futbolçuları da dəvət edək.
Müəyyən təkliflər də olunmuşdu
Vidadi Əhmədov (1987-99-cu illərdə Qubada notarius rəisi işləyib): “Məndən 10 yaş böyük idi. Qubada güləş üzrə məşqçilik edirdim. O da futbol üzrə Quba idmanına köməklik edirdi. İllər keçdikcə biz daha yaxınlaşdıq. Ondan sonra Meydan hərəkatında bir yerdə olduq. Cəbhənin qurucularından biri də Rafiq Ələkbərov olub. O vaxtı meydanda qaçqınlar üçün çadırlar qurulmuşdu, Rafiq Ələkbərov bu işin təşkilatçısı idi. 1992-ci ildə Ağdam rayonunda “Şelli” batalyonunu qurdu. 1992-ci ilin mayın 15-də Qubadan bir dəstə gəldik. 1990-cı il 20 Yanvar hadisələrində də Rusiyadan gələn qoşunun qarşısını almaq üçün Quba, Qusar, Xaçmaz rayonunun cəbhəçiləri olaraq sutka yarım sərhədi bağlamışdıq ki, rus qoşunu Azərbaycana girməsin. Müharibə illərində bir neçə kənddə şəhidlərin dəfnini, 70-ə yaxın adamın toyunu təşkil edib. Rafiqin cəmiyyət üçün faydası həddən artıq çox olub”.
Ümumiyyətlə, Rafiq Ələkbərovu Quba camaatı çox istəyirdi, çünki o, dürüst, özünü təsdiqləmiş insan idi. Ona Qubada rayon rəhbərliyi tərəfindən müəyyən təkliflər də olunmuşdu, lakin Rafiq bu təkliflərin hər birindən imtina etmişdi.
O, Quba Özəl Türk Liseyinin təməlatma mərasimində, liseyin tikintisində də iştirak etmişdi.
Hacı Naib Səttərov (Qafqaz Müsəlmanları Ruhani İdarəsinin bölgə qazisi): “Onunla qohum olmamışdan əvvəl tanış idik. Şəhid qapısına gedəndə şəhid ailəsi üçün mənə pul verərdi. Mən də o pulu həmin ailəyə verəndə deyirdim ki, bunu Rafiq dayı verib. O isə bunu heç hiss etdirməzdi, boyun qaçırardı ki, dost-tanış verib. 3 qız köçürüb və qızlarına bir əl toxuması xalça belə verməyib ki, mənim uşaqlarım digər kimsəsiz və kasıb uşaqlardan fərqlənməsin”.
İsmayıl Ələkbərov (oğlu): “Böyüklərimiz atamın uşaqlıq illərini müşahidə edəndə onun “köhnə kişilərə” bənzədiyini bildirirdilər. Yəqin ki, elə o vaxtdan atamın fərqli xarakterdə olması böyüklərin diqqətini çəkib. Heç vaxt haqsızlığı qəbul etməyib və bizim də həmişə haqlı olmağımızı istəyib. Mən zabit olanda əsgərlərə yaxşı nəzarət etməyi, heç vaxt harama əl uzatmamağı tapşırıb. Atamın dünya malında gözü olmayıb, Nizami parkındakı çayxananı dostu şərikli adı ilə alıb, sonradan atama bağışlayıb. O, Qubanın həmişə abad olmasını istəyirdi və bunun üçün əlindən gələni edirdi. Vaxtaşırı Nizami parkında iməciliklər təşkil edirdi. “40 pilləkən”dəki heykəllərin bir neçəsini memar Şıxəli kişiyə təmir etdirmişdi. Parkın ətrafının təmizliyi, boyanmasını vaxtaşırı həyata keçirirdi. 1995-98-ci illər ərəfəsində həmin çayxanada “Sport loto” fəaliyyət göstərib. Oranın da rəhbəri atam olub. Demək olar ki, oradan yığılan pulları yüzlərlə kimsəsiz və ehtiyac sahiblərinə, rayonun abadlığına xərcləyib. Ən əsası da “Şahdağ” futbol komandası üçün maddi yardım göstərilməsi barədə müraciətlər olub və bunların hamısına da müsbət reaksiya verilib. Sovet İttifaqı Qəhrəmanı Cahangir Bağırovun heykəlinə o vaxt elə 3000 dollar xərcləmişdi. Halbuki o pula ev də almaq olardı. Atam o vaxtı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Etibar Məmmədova demişdi ki, “Siz lap iqtidara da gəlsəniz, mən yenə müxalifətdə olacağam”. Çünki o, həmişə xalqın içində olmaq istəyib”.
Rahim Ağayev (futbolçu): “Mənim futbolçu kimi yetişməyimdə onun xidmətləri çox olub. Nizam-intizamı, mövqeyə uyğun oynamağı və s. taktiki məsələlərdə Rafiq müəllimin rolu çox olub. 1986-cı ildən Azərbaycan yığma komandasında oynamışam. O, məşqçi olaraq bizimlə dostluq, yoldaşlıq edib. Onunla Qarabağ müharibəsində də iştirak etmişik. Ora ərzaq, silah-sursat aparmışıq. Sonuncu oyunumuz Qubada “Neftçi”nin veteranlarından ibarət yığması ilə olub. Maşallah Əhmədov, Yaşar Vahabzadə, Ələkbər Məmmədov kimi veteranlarla görüşümüz olub və bu oyunun da əsas təşkilatçılarından biri də Rafiq müəllim olmuşdu”.
“İndi elə adam mən tanımıram”
Əfəndi Seyidov (veteran futbolçu): “Rafiqi uşaqlıqdan tanıyıram. Onunla birgə “Şahdağ”da çalışmışıq. Quba futbolu üçün canını qoyub. 1976-cı ildə Kazanda yeniyetmələrin çempionatında iştirak etmişik və ermənilərə uduzdurulmuşuq. Mən həmin oyunlarda oynamışam. Sonradan 1979-cu ildə SSRİ “Dəri” top kubokunda 24 komanda arasında finalda da ermənilərə qalib gələrək Bakıda çempion olmuşuq. Həmin oyunun da hakimi Tofiq Bəhramov olmuşdu. Hər iki yarışın himayədarı Rafiq Ələkbərov olmuşdu.
Emil İsgəndərov (AFFA-nın hakim inspektoru): “60-70 ci illərdə yaxşı futbolçu kimi tanınıb. Məşqçi kimi də özünəməxsus iradə ilə respublikada rəqabət apara bilən məşqçilərdən olub. Məsələn, “Şahdağ”ın Belorus klublarından biri ilə keçirilən oyunda 4-1 uduzmağına baxmayaraq, hesabı 6-5-ə çevirən məşqçi olub. Həmin oyunda mən yan hakim idim. Burada məşqçinin təcrübəsi, özünəinamı öz sözünü deyir. İnanırdım ki, normal maddi baza olsa, daha yüksək nəticələr ola bilərdi. O, həm də futbolu incəliyinə kimi bilən mütəxəssis idi”.
Orucəli Durmuşev (AFFA-nın hakim-inspektoru): “Rafiqlə hərbi xidmətdə bir yerdə olmuşuq. Gözəl insan və futbolçu olub. Dostsevər, insanpərvər adam idi. Öz hesabına komandanı saxlayırdı. Bundan artıq nə edə bilərdi?!”
Sabir Əliyev (Azərbaycanın Əməkdar məşqçisi, Quba və Qusar rayonlarının “Şahdağ” futbol klubunun sabiq baş məşqçisi: “Demək olar ki, ömrünü Qubada futbolun inkişafına həsr edib. Maddi-mənəvi imkanını səfərbər edib. İndi elə adam mən tanımıram. O, Quba futboluna xidmət edibsə, demək ki, Azərbaycan futboluna da xidmət edib”.
Ümumiyyətlə, bu siyahını genişləndirmək də olar, çünki fikir bildirmək istəyən çox adam var. Təəssüf ki, yer məhdudiyyəti olduğu üçün onların hamısını səhifəyə sığdırmaq mümkün deyil.
Bəli, o nə məmur olub, nə də kifayət qədər imkanlı şəxs. Ancaq milləti üçün əlindən gələni edib. İndiki və gələcək nəsil üçün nümunəvi vətəndaş olmağa layiq insan olub. Allah Rafiq müəllimə rəhmət etsin, qəbri nurla dolsun!
Amil Tağıyev