1896
Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq.
“Benfika” ilə 17-ci turun oyununda qırmızı vərəqə alan Kamran Ağayevin 3 matçlıq cəzası bitsə də, onu son turda “Braqa” ilə oyunda görə bilmədik. “CBC Sport”a açıqlama verən millimizin qolkiperi bugünkü oyunda da meydana çıxmaq şansının az olduğunu deyib. Hazırda qapıda dayanan Vaqner da Silvanı əvəzləyəcəyinin çətin olduğunu bildirən Ağayev yayda “Boavişta”nın ayrılacağına işarə vurub: “Yayda “Boavişta” ilə müqaviləm bitir. Təbii ki, müqaviləmi artırmaq istəmirəm". Yığmamızın qapıçısı “böyük beşlik” ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavişta"nın buna görə çox pul istədiyini deyib: “Transfer pəncərəsi açıq olanda yaxşı komandalardan təkliflər var idi. Sadəcə, reallaşmadı. “Boavişta”dan ayrılmağımda problem yarandı. Klub transfer qiymətimi kifayət qədər çox qoymuşdu. Ona görə komandamı dəyişə bilmədim".